...

Bakı Fond Birjasında 5 illik subordinasiya olunmuş istiqrazların ilk uğurlu açıq yerləşdirilməsi keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2013 20:35 (UTC +04:00)
Bakı Fond Birjasında (BFB), AZ2009002026 İSİN kodu altında qeydiyyatdan keçirilmiş "Unibank" istiqrazlarının növbəti uğurlu yerləşdirilməsi həyata keçirilib.
Bakı Fond Birjasında 5 illik subordinasiya olunmuş istiqrazların ilk uğurlu açıq yerləşdirilməsi keçirilib

Azərbaycan, Bakı, 31 may /Trend/

Bakı Fond Birjasında (BFB), AZ2009002026 İSİN kodu altında qeydiyyatdan keçirilmiş "Unibank" istiqrazlarının növbəti uğurlu yerləşdirilməsi həyata keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə günü "PAŞA Bank"ın yaydığı məlumatda deyilir.

Emissiyanın ümumi məbləği 5 milyon AZN-dir, həcmi 5000 ədəddir, hər bir istiqrazın nominal dəyəri isə 1000 AZN-dir. 5 il müddətinə buraxılmış bu istiqrazlar üzrə kupon rüblük ödənişlə illik 14% təşkil edib. Bu emissiyanın yerləşdirilməsi açıq abunə metodu üzrə "PAŞA Bank" və "Unicapital" broker şirkəti vasitəsilə həyata keçirilmişdir. "PAŞA Bank" "Unicapital" broker şirkəti vasitəsilə yerləşdirmə üzrə anderayter kimi çıxış etmişdir və "PAŞA Kapital" broker şirkəti vasitəsilə marketmeyker öhdəliklərini yerinə yetirəcək. Bu yerləşdirməni yerli qiymətli kağızlar bazarında 5 illik subordinasiya olunmuş istiqrazların ilk uğurlu açıq yerləşdirilməsi kimi də qiymətləndirmək olar.

"PAŞA Bank" bu istiqrazları gündəlik rejimdə kotirovka edərək onların likvidliyini təmin edəcək və beləliklə potensial investorlar üçün onları daha da cəlbedici edəcək. Xatırlatmaq istərdik ki, PAŞA Bankın marketmeyker kimi çıxış etdiyi bütün istiqrazlar üzrə kotirovkalar Bloomberg, Reuters terminalları, eləcə də BFB-nin saytı vasitəsilə izlənilə bilər.

"PAŞA Bank"ın İdarə Heyətinin üzvü, İnvestisiyalar üzrə Baş Direktor (CİO) Taleh Kazımovun şərhinə əsasən Bank artıq ikinci dəfədir ki, UniBank istiqrazlarının emissiyasını təmin edir. "Ümumilikdə, bu UniBank-la eyni qrupa daxil olan şirkətlər üçün artıq beşinci istiqraz buraxılışıdır, bu da öz növbəsində investorların bu qrupun kredit riskinə qarşı yüksək etimadını əks etdirir. Bu yerləşdirmə dinamikası qiymətli kağızlar bazarının cəlbediciliyinin daim artmasına dəlalət edir, və bu da şübhəsiz ki, bütün yerli qiymətli kağızlar bazarının daha da inkişaf etməsinə müsbət təsir edəcək. "Biz istiqrazların yerləşdirilməsi bazarında əsas oyunçulardan biri olaraq bizə olan etimadı yüksək qiymətləndiririk" - T. Kazımov öz şərhini yekunlaşdırdı.

Xatırladaq ki, son iki ildən bir qədər artıq müddətin nəticələrinə əsasən "PAŞA Bank" tərəfindən artıq 102,4 milyon AZN məbləğində 10 korporativ istiqraz buraxılışı həyata keçirilib. Burada bank və telekommunikasiya sektorları daxil olmaqla, müxtəlif sektorlardan söhbət gedir. "PAŞA Bank"ın investisiya qoyuluşu istiqamətində apardığı işlərin nəticələri peşəkar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Bunun nəticəsidir ki, Bank 2011-ci və 2012-ci illərdə "EMEA Finance" nüfuzlu beynəlxalq maliyyə jurnalının "Azərbaycanın ən yaxşı investisiya Bankı" nominasiyası üzrə Avropa mükafatına layiq görüldü.

"PAŞA Bank" - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də: kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və dörd filial ilə təmsil olunan PAŞA Bankda 207 əməkdaş çalışır. "Europe Banking Awards 2011" və "Europe Banking Awards 2012" çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı2 elan olunmuşdur.
PAŞA Bank Azərbaycanın iri investisiya Xoldinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin sair istiqamətlərində də geniş təmsil olunan PAŞA şirkətlər qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA şirkətlər qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti