...

“PAŞA Bank” internet bankçılığı üzrə tarifləri aşağı sala bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2013 12:50 (UTC +04:00)
İyunun 28-də Hyatt oteldə Azərbaycanın iri banklarından biri olan PAŞA Bank özünün Internet Banking adlı yeni məhsulunun təqdimat mərasimini keçirib.
“PAŞA Bank” internet bankçılığı üzrə tarifləri aşağı sala bilər

Azərbaycan, Bakı, 4 iyul /Trend/

İyunun 28-də "Hyatt" hotelində Azərbaycanın iri banklarından biri olan PAŞA Bank özünün "Internet Banking" adlı yeni məhsulunun təqdimat mərasimini keçirib. Bu barədə bankdan Trend-ə daxil olan məlumatda bildirilir.

Tədbirdə kiçik və orta sahibkarlıq sektorunun 50-dən çox nümayəndəsi, həmçinin bankın müştəriləri iştirak edib.

PAŞA Bankın Korporativ və kommersiya bankinqi departamentinin direktoru Vüqar Sadiq təqdimat mərasimində çıxış edərək bildirib ki, bu məhsul korporativ biznes nümayəndələrinin ehtiyacına və tələblərinə uyğun olaraq işlənib hazırlanıb:

"Bu xidmət vasitəsilə bir çox əməliyyatları, o cümlədən valyuta mübadiləsini aparmaq, həm yerli, həm də beynəlxalq miqyasda vəsaitlərin köçürülməsini həyata keçirmək, həm milli, həm də xarici valyuta ilə ödənişlər etmək və s. mümkündür. Xidmətdən istifadə etmək üçün xüsusi avadanlıq və proqram təminatı almaq lazım deyil, bunun üçün sadəcə bankın veb-səhifəsinə daxil olmaq lazımdır".

Təqdimat mərasimində yeni xidmətdən istifadənin təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilib. V.Sadiqin sözlərinə görə, məhsul beynəlxalq standartlara uyğun hazırlanıb və bir neçə səviyyəli mühafizə ilə təmin olunub. V.Sadiq çıxışını yekunlaşdıraraq söyləyib: "Hər zaman olduğu kimi, biz müştərilərimizin maraqlarının keşiyində durur və bunun üçün onların məlumatlarının toxunulmazlığını təmin edirik. "Internet Banking" vasitəsilə keçirilən əməliyyatların təhlükəsizliyi, ənənəvi üsulda olduğu kimi, yüksək səviyyədədir. Bütün bunlarla yanaşı, yaxın gələcəkdə "Internet Banking" çərçivəsində tətbiq edilən tariflər ənənəvi bankçılıqda istifadə etdiyimiz tariflərdən aşağı olacaq".

Bankın potensial müştəriləri PAŞA Bankın ən yaxın biznes-mərkəzinə müraciət edərək istənilən anda pulsuz "Internet Banking" xidmətinə qoşula bilərlər.

PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də: kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və dörd filial ilə təmsil olunan PAŞA Bankda 207 əməkdaş çalışır. "Europe Banking Awards 2011" və "Europe Banking Awards 2012" çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur.
PAŞA Bank Azərbaycanın iri investisiya Xoldinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin sair istiqamətlərində də geniş təmsil olunan PAŞA şirkətlər qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA şirkətlər qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti