Azərbaycan, Bakı, 13 sentyabr /Trend/
Sentyabrın 13-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Kürdəmir rayonunun Atakişili kəndində keçirib. 120-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə müvəkkil kredit təşkilatları vasitəsilə 47 sahibkara 592,1 min manat güzəştli kredit verilib. Bu barədə Trend-ə cümə günü nazirlikdən daxil olan məlumatda deyilir. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi 70-dən çox iş yerinin yaradılmasına imkan verir.
Tədbir çərçivəsində Kürdəmir rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və fond tərəfindən rayonda prioritet hesab olunan müasir çörək zavodunun, quşçuluq təsərrüfatının, kiçik və orta həcmli bağçılıq, cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara təqdim olunub.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulanıb. Bildirilib ki, məqsədli dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkənin digər bölgələrində olduğu kimi, Kürdəmirdə də quruculuq-abadlıq işləri geniş vüsət almış, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmış, əhalinin həyat səviyyəsi daha da yaxşılaşıb.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Nazirliyin Aran regional bölməsinin müdiri Elbrus Hüseynov ölkədə davamlı və dayanıqlı sosial-iqtisadi inkişafa nail olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Aran iqtisadi rayonunda, o cümlədən Kürdəmirdə həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat veriblər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 3166 investisiya layihəsinin maliyyələşdirilməsinə 229,7 milyon manat güzəştli kredit verildiyini bildirib, bu layihələrin reallaşmasının 9350-dən çox yeni iş yerinin yaradılamasına imkan verdiyini qeyd edib. Diqqətə çatdırılıb ki, ümumilikdə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 303 milyon manat güzəştli kreditlər verilib, bu kreditlər hesabına 27000-dən çox yeni iş yerləri açılıb.
Tədbir çərçivəsində dövlətin güzəştli krediti hesabına maliyyələşdirilmiş Kürdəmir rayonunun Atakişili kəndində cins iribuynuzlu heyvandarlıq kompleksinin və süd emalı zavodunun fəaliyyətinə baxış keçirilib.
Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.