...

Azərbaycanın xarici ticarət profisiti 11 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2013 11:35 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi (DGK) cari ilin yanvar-oktyabr aylarında xarici ticarət əməliyyatlarının ötən ilin analoji dövrü ilə müqayisədə 5,1 faiz artdığını bildirib.
Azərbaycanın xarici ticarət profisiti 11 milyard dolları ötüb

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir A.Axundov/

Dövlət Gömrük Komitəsi (DGK) cari ilin yanvar-oktyabr aylarında xarici ticarət əməliyyatlarının ötən ilin analoji dövrü ilə müqayisədə 5,1 faiz artdığını bildirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı komitənin saytında dərc olunan hesabatda deyilir.

Bu dövr ərzində Azərbaycan 147 ölkə ilə ticarət əməliyyatı aparıb.

Hesabata görə, Azərbaycanın ümumi ticarət dövriyyəsinin həcmi 28,8 milyard dollar təşkil edib.

Xarici ticarət əməliyyatlarında 11 milyard dollardan çox müsbət saldo yaranıb.

Hesabatda bildirilir ki, bu dövr ərzində ölkənin xarici ticarət əməliyyatlarında 6332 hüquqi və fiziki şəxs iştirak edib, onlardan 3616-sı hüquqi, 2716-sı isə fiziki şəxslərdir.

Yanvar-oktyabr aylarında 19,92 milyard dollar həcmində ixrac əməliyyatları həyata keçirilib ki, bu da ötən ilin analoji göstəricilərindən 0,93 faiz çoxdur.

İxrac əməliyyatlarında dövlət sektorunun payı 18,6 milyard dollar (93,35 faiz), özəl sektorun payı 1,157 milyard dollar (5,8 faiz), fiziki şəxslərin payı isə 167,94 milyon dollar (0,84 faiz) olub.

Yanvar-oktyabr aylarının yekunlarına görə, idxal 8,88 milyard dollar təşkil edib ki, bu da 2012-ci ilin analoji dövründə qeydə alınan göstəricidən 15,83 faiz çoxdur.

İdxal əməliyyatlarında dövlət sektorunun payı 2,22 milyard dollar (30,73 faiz), özəl sektorun payı 5,72 milyard dollar (64,44 faiz), fiziki şəxslərin payı isə 424,01 milyon dollar (2,1 faiz) olub.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan 1915 adda məhsul ixrac edilib, 5960 adda məhsul isə idxal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti