Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir A.Axundov/
Əhalinin Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları barədə şikayətlərinin sayı xeyli azalıb. Trend-in məlumatına görə, bu barədə bazar günü jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Müslümov deyib ki, barələrində şikayətlərin daxil olduğu əməkdaşlar artıq sistemdə yoxdur.
Onun sözlərinə görə, son vaxtlar nazirlik yanındakı 25 sosial müdafiə mərkəzinin rəhbərləri və onların müavinlləri, ümumilikdə isə sosial müdafiə mərkəzlərinin 130-a yaxın əməkdaşı tutduqları vəzifələrdən azad ediliblər:
"Bu proses davam edir. Bu günlərdə Abşeron, İmişli, Neftçala, Salyan və Qazax rayon sosial müdafiə mərkəzlərinin bir sıra əməkdaşları işdən kənarlaşdırılıblar. Biz bütün müraciətlərə operativ reaksiya veririk. Bütün sistem təmizlənməlidir".