...

Ötən il DSMF-nin təqdim etdiyi elektron xidmətlərdən 700 minə yaxın vətəndaş yararlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2014 10:33 (UTC +04:00)
2013-cü il ərzində DSMF-nin həm öz saytı (www.dsmf.qov.az), həm də "elektron hökumət portalı" (www. e-gov.az) vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb.
Ötən il DSMF-nin təqdim etdiyi elektron xidmətlərdən 700 minə yaxın vətəndaş yararlanıb

Azərbaycan, Bakı, 12 fevral /Trend/

2013-cü il ərzində DSMF-nin həm öz saytı (www.dsmf.qov.az), həm də "elektron hökumət portalı" (www. e-gov.az) vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Fondda 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş kollegiya iclasında çıxışı zamanı məlumat verib.

E.Mehdiyev bildirib ki, bu gün Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 40 faizindən çoxunu əhatə edir və Fondun mərkəzi məlumat bazasında 1 milyon 276 min nəfər pensiyaçı və 2 milyon 691 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanıb.

Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində Fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 19-a çatdırılıb.

E.Mehdiyev bildirib ki, "Elektron hökumət" portalının statistikasına əsasən Fondun təklif etdiyi elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdəndir: "Ötən il Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda vahid mərkəzdən avtomatlaşdırılmış pensiya təyinatının tətbiqinə başlanılmışdır. Bu sistem pensiya yaşına çatmış vətəndaşlara Fondun yerli orqanına getmədən, heç bir sənəd təqdim etmədən "Mərkəzi Çağrı Sistemi"nə ("190-0" nömrəli telefon məlumat xidmətinə) zəng etməklə avtomatik pensiya hüququnu reallaşdırması imkanı verir. Qeyd olunmalıdır ki, sistemin tətbiq olunduğu dövrdən hazıradək pensiya yaşına çatmış 1 378 nəfər vətəndaşa bu sistem vasitəsilə pensiya təyin edilmişdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti