Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir T.Cəfərov/
Ərdəbil əyalətinin Xalxal şəhərində tikilməkdə olan Xalxal sement zavodunun inşası azərbaycanlı investorların sərmayəsi ilə davam etdiriləcək. Bu sözləri İran parlamentinin Xalxal şəhərindən olan nümayəndəsi Cəlil Cəfəri deyib.
Trend-in İranın İRNA dövlət xəbər agentliyinə istinadən verdiyi məlumata görə, C.Cəfəri bildirib ki, zavodun tikintisinə başlanılsa da, inşaat işləri üç ildir ki, dayandırılıb. Buna görə də qərara alınıb ki, tikintinin davam etdirilməsi üçün zavoda azərbaycanlı investorların sərmayəsi cəlb olunsun. Onun sözlərinə görə, Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundovla danışıqlar aparılıb və Azərbaycan tərəfi bu zavoda sərmayə yatırmaqda maraqlı olduğunu bildirib.
İran Xarici İşlər Nazirliyinin Ərdəbil əyaləti üzrə nümayəndəsi Bəhruz Zare Mirzayi bu gün Trend-ə deyib ki, Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axunov Ərdəbil əyalətində səfərdədir.
Mirzayi bildirib ki, səfər ötən gün başlayıb: "Ötən gün C.Axundov Ərdəbil əyalətinin başçısı Məcid Xudabəxş, İran parlamentinin Ərdəbildən olan nümayəndələri, İran Ticarət Palatasının Ərdəbil əyaləti üzrə nümayəndəsi, Səreyin şəhərinin icra başçısı və digər rəsmilərlə görüşlər keçirib".
XİN rəsmisinin sözlərinə görə, görüşlərdə azərbaycanlı investorların Ərdəbil əyalətinə sərmayə yatırması məsələsi müzakirə olunub.
Mirzayi deyib ki, C.Axundov bu gün Ərdəbil əyalətinin Xalxal şəhərinə səfər edib, oradan da Zəncan əyalətinə gedəcək.
Qeyd edək ki, İRNA agentliyinin məlumatına görə, Azərbaycanın İrandakı səfiri C.Axundovun Ərdəbil əyalətinin rəsmiləri ilə görüşlərində Xalxal sement zavodunun tikintisi, Səreyində turizmin inkişafı, Ərdəbil-Biləsuvar (Azərbaycan) dəmir yolunun çəkilməsi və digər layihələr müzakirə olunub. C.Axundov azərbaycanlı biznesmenlərin və iş adamlarının İranın Azərbaycana yaxın sərhəd zonalarına investisiya yatırmağa hazır olduqlarını bəyan edib.