...

Göygöldə "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda konfrans keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2014 16:05 (UTC +04:00)
İyunun 27-də İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda növbəti Konfrans Göygöldə təşkil edilmişdir.
Göygöldə "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda konfrans keçirilib

Azərbaycan, Bakı, 27 iyun /Trend/

İyunun 27-də İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda növbəti Konfrans Göygöldə təşkil edilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Konfransda aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 200-dən çox istehlakçı iştirak etmişdir.

Xidmətin rəis müavini Araz Əliyev istehlakçı hüquqlarının qorunmasının ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulamışdır. Aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq, əhalinin maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdığı, əhalinin gəlirlərinin və alıcılıq qabiliyyətinin ilbəil artdığı bir dövrdə istehlak bazarında insanların müxtəlif mallara, xidmətlərə olan tələbatı keyfiyyətcə dəyişmiş və istehlakçılar öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməyə başlamışlar. İstehlakçı hüquqlarının müdafiəsi, istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunmasının səmərəliliyinin artırılması üçün mövcud qanununvericilikdən irəli gələn vəzifələrin icrası, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların birgə səyləri nəticəsində bu sahədə əhəmiyyətli işlər görülmüşdür.

A.Əliyev istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmənin xüsusi rolunu qeyd etmiş, Dövlət Xidməti tərəfindən bu sahədə görülən işlər barədə məlumat vermişdir. Əvvəlki illərdə olduğu kimi, 2014-cü ilin ötən dövrü ərzində də Dövlət Xidməti tərəfindən müxtəlif konfransların və seminarların keçirildiyi, kütləvi informasiya vasitələrində maarifləndirici məlumatların yayıldığı, o cümlədən televiziyada istehlakçı hüquqları ilə bağlı xüsusi verilişlərin hazırlandığı, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda yaddaş kitabçalarının və digər əyani vəsaitlərin hazırlanaraq istehlakçılara paylanmasının maarifləndirmə işinə müsbət töhfə verdiyi qeyd edilmişdir. Bu dövrdə istehlakçıların maarifləndirilməsi məqsədilə 16 adda 38 mindən çox buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 3 mindən çox yaddaş kitabçası hazırlanaraq paylanmışdır. Bu sahədə işlər hazırda da davam etdirilir.

Maarifləndirmə işləri ilə yanaşı, inzibati tədbirlər də görülür. Bununla belə, həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 21.7 ton müxtəlif növ ərzaq mallarının satışdan çıxarılaraq məhv edildiyi vurğulanmışdır.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşlarının istehlakçı hüquqlarının qorunması barədə məruzələri dinlənilmiş, istehlakçı hüquqları, həmçinin xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə tədbir iştirakçılarına geniş məlumat verilmişdir.

Tədbirdə çıxış edənlər maarifləndirmə işlərinin mühüm əhəmiyyətini bir daha vurğulamış, istehlakçılara isə öz hüquqlarının müdafiəsində fəal olmaq, qarşılaşdıqları məsələlərin həllində aidiyyəti qurumlarla əməkdaşlıq etmək, özlərinin və ailələrinin sağlamlığını qorumaq üçün malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirmək tövsiyə edilmişdir. Bildirilmişdir ki, istehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat verə bilərlər. Daxil olmuş müraciətlərə Dövlət Xidməti tərəfindən operativ şəkildə baxılır və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

Tədbirin sonunda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti