Azərbaycan, Bakı 5 avqust /Trend/
Bakı Fond Birjası maliyyə alətləri ilə marjinal ticarət sahəsini genişləndirən neft, qızıl, gümüş və digər əmtəə əsaslı törəmə alətlərin ticarətinin təşkilinə başlayır. InvestAZ şirkətindən Trend-ə bildiriblər ki, bu maliyyə alətlərini öz müştərilərinə təklif etmək istəyən qurumlar, Bakı Fond Birjasının likvidlik təminatıçısı üzrə market meykeri olan InvestAZ şirkətinə müraciət edə bilərlər.
Bakı Fond Birjası yaxın gələcəkdə səhmlər əsasında törəmə maliyyə alətlərinin ticarətinin təşkilini də həyata keçirməyi planlaşdırır. Bütün bu addımlar FOREX bazarının imkanlarının ölkəmizdə daha da genişlənməsinə xidmət edir. Bu sahə üzrə görülən işlərdə əsas məqsəd tənzimlənən orqanlar vasitəsilə likvid, şəffaf və ədalətli qiymət prinsipinin uğurla həyata keçirilməsidir. Baza və törəmə maliyyə alətlərinin ticarəti imkanlarının genişləndirilməsi "2011 - 2020-ci illərdə Azərbaycan Respublikasında Qiymətli Kağızlar bazarının inkişafı" Dövlət Proqramındakı tədbirlər planı çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, InvestAZ Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Kömitəsi tərəfindən lisenziyalaşdırılmış investisiya şirkətidir. Şirkət eyni zamanda Türkiyə Respublikasında da tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərən eyni adlı qurumla təmsil olunur. Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.