...

Azərbaycanda sığorta tələblərinin tənzimlənməsinin yeni sisteminin tətbiqinə başlanılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2014 12:07 (UTC +04:00)
Bu gündən İcbari Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətlərinə qarşı irəli sürülən sığorta tələblərinin tənzimlənməsi prosesinin təkmilləşdirilməsi və idarə edilməsi məqsədilə hazırlanmış yeni proqram təminatının tətbiqinə başlanacaq.
Azərbaycanda sığorta tələblərinin tənzimlənməsinin yeni sisteminin tətbiqinə başlanılır

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Azad Həsənli/

Bu gündən İcbari Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətlərinə qarşı irəli sürülən sığorta tələblərinin tənzimlənməsi prosesinin təkmilləşdirilməsi və idarə edilməsi məqsədilə hazırlanmış yeni proqram təminatının tətbiqinə başlanacaq. Trend xəbər verir ki, bu barədə İSB-nin saytında yerləşdirilmiş məlumatda deyilir.

Yeni sistemin istifadəsi ilə əlaqadar olaraq İcbari Sığorta Bürosu tərəfindən cari ilin sentyabr ayından başlayaraq sığorta şirkətlərinin zərərlərin tənzimlənməsi üzrə nümayəndələrinə proqram təminatının istifadəsi ilə bağlı təlimlər keçirilib.

Qeyd edək ki, yeni proqram təminatı vasitəsilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə Büronun iştirakçıları olan sığorta şirkətlərinə qarşı irəli sürülən sığorta tələblərinin tənzimlənməsi prosesinin həyata keçirilməsi mümkün olacaq.

Yeni sisteminin üstünlüklərinə sığorta tələbləri üzrə şifahi müraciətdən başlayaraq sığorta ödənişinin verilməsinədək, həmçinin subroqasiya işinin yekunlaşdırılmasınadək prosesin idarə edilməsi; sığorta tələbinin tənzimlənməsinin müvafiq mərhələlərində sistemin texniki imkanları hesabına iş üzrə sms, elektron poçt və ya rəsmi məktub vasitəsi ilə məlumatlandırma daxildir. Misal üçün, informasiya sistemində sığorta tələbi qeydiyyatı mərhələlərində (sığorta tələbinin qeydiyyatı, təsdiqi, ödənişi) sistemdən ərizəçiyə, zərəçəkən şəxsə, faydalanan şəxsə sms, elektron poçt vasitəsilə bildirişlərin göndərilməsi və s.

Daha sonra müvafiq sığorta tələbi üzrə çatışmayan sənədlərin sistem tərəfindən müəyyən olunması, sığorta tələbini irəli sürən şəxsin, o cümlədən sığorta şirkətinin həmin sığorta tələbi ilə işləyən əməkdaşının bu barədə məlumatlandırılması, sığorta tələbinə dair müxtəlif (sığorta ödənişləri və s. haqqında) hesabatların birbaşa Excel, PDF formatına köçürülməsi, aylıq, rüblük, illik hesabatların əldə olunması, sığorta tələbləri və sığorta hadisələri barədə daha ətraflı və dolğun statistik məlumatların əldə edilməsi və s. də həmin üstünlüklərə daxildir.

Məlumatda deyilir ki, sistemin tətbiqinə başladıqdan bir müddət sonra vətəndaşlar üçün Büronun internet səhifəsi üzərindən sığorta tələbinin statusunun öyrənilməsi, sığorta tələbi haqqında qısa tarixçənin əldə edilməsi imkanı da yaradılacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti