...

Qaxda 80-dən çox yeni iş yeri açıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2014 16:07 (UTC +04:00)
Qaxda sahibkarlığın inkişafı stimullaşdırılır
Qaxda 80-dən çox yeni iş yeri açıla bilər

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Qax rayonunun Qorağan kəndində keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, işgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Qax və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsidir.

80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Qax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, fermer mağazalarının, çörək istehsalı və meyvə emalı müəssisələrinin, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə bal istehsalı) yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Arif Vəliməmmədov bildirib ki, ümumilikdə indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1662 investisiya layihəsinin maliyyələşdirilməsinə 92 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, quşçuluq, intensiv bağçılıq, üzümçülük təsərrüfatlarının, heyvadarlıq komplekslərinin, ət və süd emalı, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 8600-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində Qax və ətraf rayonlardan olan 47 sahibkara 892,5 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən heyvandarlıq, taxılçılıq, arıçılıq, çörək və mebel istehsalı sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Ümumilikdə 2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 4872 sahibkara 261,8 milyon manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10 600-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

İşgüzar forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb.

Forum çərçivəsində Qax rayonunda güzəştli kredit ayrılmış heyvandarlıq və arıçılıq təsərrüfatlarına baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti