Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir Azad Həsənli/
Azərbaycan kənd təsərrüfatının ixracı üzrə Çexiya ilə birgə müəssisənin yaradılmasında maraqlıdır. Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan-Çexiya biznes forumunda deyib.
Onun sözlərinə əsasən, bu məqsədlə qida sənayesi üçün Çexiya avadanlığından və Azərbaycanın kənd təsərrüfatı imkanlarından istifadə etməklə ölkələr arasında sintez mümkündür.
Nazir qeyd edib ki, Azərbaycan və Çexiyanın iqtisadiyyat, ilk növbədə, sənaye sahəsində əməkdaşlığın inkişafı üçün yaxşı potensialı var.
Ş.Mustafayev əlavə edib ki, Çexiya Azərbaycana 1 milyard dollardan çox investisiya yatırıb: "Hazırda Azərbaycanda reallaşdırılan 6 iri layihə Çexiya şirkətləri tərəfindən maliyyələşdirilir. Onların ümumi həcmi təqribən 2 milyard dollar təşkil edir".
Nazirin sözlərinə görə, əməkdaşlığın təkcə Azərbaycanla məhdudlaşmaması çox vacibdir: "Azərbaycan şirkətlərinin səviyyəsi Avropa ölkələrində, o cümlədən Çexiyada işləməyə imkan verir. Fikrimcə, şirkətlərimizin Çexiyada fəaliyyətini aktivləşdirmək üçün bütün imkanları var".
Avropada Azərbaycan şirkətlərinin işinə nümunə kimi Ş.Mustafayev Serbiyada yolların salınması ilə məşğul olan Azərbaycan şirkətinin təcrübəsini göstərib. Şirkət nəinki geridə qalır, hətta yerli şirkətləri bir çox halda üstələyir.
O bildirib ki, ölkələr turizm, İKT və digər sahələrdə əməkdaşlığı genişləndirə bilərlər.
Biznes forumda Çexiyanın 32 şirkəti və bankı iştirak edir.
Qeyd edək ki, 2014-cü ilin yekunları üzrə iki ölkə arasında ikitərəfli əmtəə dövriyyəsi 1,5 milyard avroya çatıb.