Azərbaycan, Bakı, 18 mart /Trend/
2015-ci ilin yanvar-fevral aylarında toplanmış sığorta haqlarının məbləğinə əsasən, bazarın lideri "Paşa Sığorta" şirkəti olub.
Azərbaycan Sığortaçılar Assosiasiyasından Trend-ə verilən məlumata görə, şirkət 2 ay ərzində 26,1 milyon manat sığorta haqqı toplayıb. Sonrakı yerləri tutan "Atəşgah Sığorta"nın yığımları 11,2 milyon manat, "Paşa Həyat Sığorta"nın yığımları isə 8 milyon manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk beşliyi "İpək Yolu Sığorta" (7,5 milyon manat) və "Atəşgah Həyat Sığorta" (7,4 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə bazarın təxminən 59%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 60,2 milyon manat) düşür.
Ən az sığorta haqqı toplayanlar isə "Rəvan Sığorta" (372,7 min manat), "Başak İnam" (282,6 min manat), "Amrah Sığorta" (210,7 min manat), "Azərqarant" (100,6 min manat) və "Günay Sığorta" (24,8 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 1 milyon manat olub və ümumi sığorta yığımlarının təxminən 1%-ni təşkil edib.
Ötən ilin noyabr ayında lisenziyası dayandırılmış "Era-Trans" və praktiki olaraq fəaliyyətini dayandırmış "Çartis Azərbaycan" sığorta şirkətləri isə təbii olaraq sığorta haqqı toplamayıb.
Ümumilikdə 27 sığorta şirkətindən 2-də sığorta haqlarının məbləği 10 milyon manatdan çox, 5 şirkətdə 5-10 milyon manat arasında, 8 şirkətdə 1 milyon manatdan 5 milyon manata qədər, 5 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 7 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 16-da sığorta haqlarının artımı, 11-də isə azalması baş verib.
Həyata keçirilmiş sığorta ödənişlərinin məbləğinə görə də lider "Paşa Sığorta" şirkətidir - 4,78 milyon manatla. Sonrakı yerləri tutmuş "Atəşgah Sığorta"nın ödənişləri 2,29 milyon manat, "AXA MBASK"ın ödənişləri isə 1,96 milyon manat olub. Ödənişlərin məbləğinə görə, ilk 5-liyi "Atəşgah Həyat Sığorta" şirkəti (1,94 milyon manat) və "Azərsığorta" DSKŞ (1,84 milyon manat) tamamlayır. Ümumilikdə, ödənişlərin təxminən 53%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 12,8 milyon manat) düşür.
Ən az ödəniş edən şirkətlər isə "Era-Trans" (28,7 min manat), "Günay Sığorta" (11,0 min manat), "İpək Yolu Sığorta" (7,9 min manat), "Çartis Azərbaycan" (3,9 min manat) və "Azərqarant" (1,1 min manat manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 54 min manat olub ki, bu da ödənişlərin 0,2%-ni təşkil edir.
Ümumilikdə 27 sığorta şirkətindən 10-da 1 milyon manatdan çox, 4 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 8 şirkətdə 100 min manatdan 500 min manata qədər, 5 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 15-də sığorta ödənişlərinin artımı, 12-də isə azalması baş verib.