...

Mərkəzi Bank: Dolların manata nəzərən məzənnəsində ciddi dəyişiklik baş vermir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2015 17:15 (UTC +04:00)
ABŞ dollarının manata nəzərən məzənnəsində ciddi bir dəyişiklik baş vermir.
Mərkəzi Bank: Dolların manata nəzərən məzənnəsində ciddi dəyişiklik baş vermir

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Azad Həsənli/

ABŞ dollarının manata nəzərən məzənnəsində ciddi bir dəyişiklik baş vermir. Bu barədə Trend-in son günlər dolların məzənnəsinin artması ilə əlaqədar sorğusuna cavab olaraq, Azərbaycan Mərkəzi Bankından (AMB) bildiriblər.

1 ABŞ dolları noyabrın 2-nə 1,0491 manat idisə, noyabrın 11-nə məzənnə 1,0504 manat təşkil edib.

Qeyd olunub ki, dəyişiklik daxili valyuta bazarında gedən proseslərlə əlaqədar deyil. Daxili valyuta bazarında vəziyyət tam nəzarət alıtındadır və tələb-təklif tarazlığı təmin olunur. Sadəcə, Mərkəzi Bank tərəfindən məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi çərçivəsində həyata keçirilməsi ilə əlaqədar beynəlxalq valyuta bazarında avro/ABŞ dolları məzənnəsində baş verən gündəlik dəyişikliklər qismən milli valyutanın məzənnəsinə ötürülür.

Bankdan deyilib ki, son günlər ərzində dünya bazarında ABŞ dollarının avroya qarşı məzənnəsinin yüksəlməsi müşahidə edilir. Bu əsasən onunla izah edilir ki, Avropa Mərkəzi Bankı monetar genişlənmə proqramının həyata keçirilməsini davam etdirdiyi şəraitdə ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən əsas faiz dərəcəsinin yüksəldiləcəyi ehtimalı ilə bağlı məlumatlar yayılıb. Dünya bazarında müşahidə edilən bu proseslər fonunda manatın ABŞ dollarına qarşı məzənnəsində də yumşaq gündəlik dəyişmə baş verib.

AMB-dən bildiriblər ki, bir müddət əvvəl isə bu prosesin əksinə olaraq, dünya valyuta bazarlarında ABŞ dollarının məzənnəsinin avroya qarşı zəifləməsi nəticəsində ölkəmizdə də bu xarici valyutanın manata qarşı məzənnəsində ucuzlaşma müşahidə olunmuşdu: "Belə ki, dolların manata qarşı rəsmi məzənnəsi bu il sentyabrın 15-də hətta 1,0469-dək ucuzlaşmışdı. Yəni normal bazar prosesi baş verir. O ki, qaldı valyutadəyişmə məntəqələrinə, Mərkəzi Bank tərəfindən valyuta qanunvericiliyinə, o cümlədən valyuta bazarında nağd alqı-satqı məzənnələrinin müəyyənləşdirilməsi üzrə mövcud tələblərə riayət olunması daim diqqət mərkəzində saxlanılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti