...

Vüqar Əliyev KPMG Rusiya və MDB ölkələrində maliyyə müəssisələri ilə iş praktikasının rəhbəri təyin edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2015 11:42 (UTC +04:00)
1 yanvar 2016-cı il tarixindən etibarən Vüqar Əliyev KPMG Rusiya və MDB ölkələrində Maliyyə müəssisələri ilə iş təcrübəsinə rəhbərlik edəcək.
Vüqar Əliyev KPMG Rusiya və MDB ölkələrində maliyyə müəssisələri ilə iş praktikasının rəhbəri təyin edildi

Bakı. Trend:

1 yanvar 2016-cı il tarixindən etibarən Vüqar Əliyev KPMG Rusiya və MDB ölkələrində Maliyyə müəssisələri ilə iş təcrübəsinə rəhbərlik edəcək. Trend-in məlumatına görə, V.Əliyev regionda sektorun inkişafında və sektor strategiyasının icrasında məsul şəxs olacaq. V.Əliyev eyni zamanda KPMG Azərbaycan şirkətinin İdarəedici Partnyoru kimi fəaliyyətini davam etdirəcək. Onun yeni vəzifəsi Bakının maliyyə mərkəzlərindən biri kimi inkişafında, eləcə də MDB ölkələri arasında maliyyə, ticarət və iqtisadi sahələrdə əməkdaşlığın möhkəmləndirilməsində xüsusi əhəmiyyət kəsb edəcək.

V.Əliyev peşəkar karyerasına 1996-cı ildə digər "Böyük Dördlük" şirkətlərindən birində başlamışdır. 2011-ci ilin iyun ayında Vüqar İdarəedici Partnyor olaraq KPMG Azərbaycan ofisinə rəhbərlik etmişdir. Hazırda KPMG-nin Bakı ofisi audit, vergi və maliyyə məsələləri üzrə məsləhət xidmətlərini göstərir, şirkətin daimi işçilərinin sayı isə 100 nəfərdən artıqdır. 2015-ci ilin yayından etibarən Vüqar KPMG-nin MDB ölkələrində Direktorlar Şurasının üzvüdür.

Son 20 ildə V.Əliyev Azərbaycan, Rusiya, Türkiyə və Gürcüstanda bank, sığorta, tikinti və lizinq şirkətlərinə audit və məsləhət xidmətlərinin göstərilməsində zəngin təcrübə qazanmışdır. 1990-cı illərin ortalarından Azərbaycanın bank sektorunun Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) keçidi prosesində fəal iştirak etmişdir. 2000-2001-ci illərdə V.Əliyev Azərbaycanın kommersiya bankları üçün korporativ idarəetmə standartlarının hazırlanmasında iştirak etmişdir. Vüqar Azərbaycanda audit qanunlarının müasirləşdirilməsində və audit fəaliyyətinin tənzimlənməsi sahəsində dünyanın qabaqcıl təcrübəsinin tətbiqində fəal iştirakını davam etdirir.
KPMG Rusiya və MDB ölkələrinin Sədri və İdarəedici Partnyoru Oleq Qoşanski Vüqarın təyinatına fikir bildirərkən qeyd etmişdir ki: "Vüqar Rusiyada, digər MDB ölkələrində və Türkiyədə maliyyə təşkilatları ilə iş üzrə zəngin təcrübəyə malikdir və bu sahənin xüsusiyyətlərini yaxşı dərk edir. Eyni zamanda, biz KPMG Azərbaycan təcrübəsinin inkişafına və Bakının region ölkələrinin maliyyə mərkəzlərindən biri olmasına böyük əhəmiyyət veririk".

V.Əliyev öz təyinatı ilə bağlı bunları qeyd etmişdir: "Rusiya və MDB ölkələrində Maliyyə sektorunun rəhbəri olmaq mənim üçün böyük şərəfdir və eyni zamanda yeni peşəkar addımdır. MDB ölkələrinin bank sektoru və maliyyə sisteminin digər iştirakçılarının qarşısında yeni ciddi problemlər durur və kəskin iqtisadi şərait bu problemlərə təkan verir. Mən əminəm ki, bizim peşəkarlardan ibarət heyətimiz və KPMG-nin qabaqcıl beynəlxalq təcrübəsini əldə etmək imkanımız bu problemlərin effektiv həllində şirkətə və hökumətə çox faydalı olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti