...

Ət və süd məhsulları istehsalçıları ilə görüş keçirildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2016 18:07 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, İqtisadiyyat Nazirliyində müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin nümayəndələri ilə görüşlər keçirilir, onların təklifləri dinlənilir.
Ət və süd məhsulları istehsalçıları ilə görüş keçirildi

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, İqtisadiyyat Nazirliyində müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin nümayəndələri ilə görüşlər keçirilir, onların təklifləri dinlənilir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbəti belə görüş yanvarın 19-da ət və süd məhsulları istehsalı sahəsində fəaliyyət göstərən 15 istehsalçı müəssisə nümayəndələrinin iştirakı ilə keçirilib. Görüşdə dövlət başçısı tərəfindən kənd təsərrüfatı məhsulları istehsalının inkişafına xüsusi diqqət göstərildiyi vurğulanıb, əhalinin tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində mühüm tədbirlər görüldüyü qeyd edilib.

Tədbirdə ət və süd məhsulları istehsalı sahəsinin inkişafı, bu məhsullara olan tələbatın tamamilə yerli istehsal hesabına təmin edilməsi, yeni istehsal və emal müəssisələrinin yaradılması imkanları və istehsalçıları maraqlandıran məsələlər barədə müzakirələr aparılıb.

Müəssisələrin nümayəndələri yerli məhsulların maya dəyərinə təsir edən əsas amillər - yem komponentləri, qablaşdırma və emal prosesində istifadə olunan materialların və istehsal təyinatlı avadanlıqların idxalına güzəştlərin tətbiq edilməsi, ölkədə yem istehsalı üçün əlavə əkinə yararlı torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi, yerli istehsalın dəstəklənməsinin gücləndirilməsi və s. barədə təkliflər səsləndiriblər.

İş adamları keçirilən müzakirələrin sahibkarlığın inkişafında əhəmiyyətli olacağını vurğulayaraq, özəl bölmənin inkişafı üçün yaradılmış əlverişli şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti