...

2015-ci ildə Azərbaycan regionlarının inkişafına 3,6 milyard manat vəsait yönəldilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2016 18:12 (UTC +04:00)
2015-ci ildə Azərbaycan regionlarının inkişafına bütün mənbələr hesabına 3,6 milyard manat vəsait yönəldilib.
2015-ci ildə Azərbaycan regionlarının inkişafına 3,6 milyard manat vəsait yönəldilib

Bakı. Azad Həsənli - Trend:

2015-ci ildə Azərbaycan regionlarının inkişafına bütün mənbələr hesabına 3,6 milyard manat vəsait yönəldilib. Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın reallaşdırılmasının ikinci ilinin yekunlarına həsr edilmiş konfransda deyib.

Onun sözlərinə görə, il ərzində 400 kilometrdən artıq ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 12 yeni körpü və yol ötürücüləri tikilib və ya təmir olunub: "Tapşırığınıza əsasən kənd yollarının tikintisi davam etdirilib, əhalisi 351 min nəfər olan 245 yaşayış məntəqəsini birləşdirən 590 kilometrdən artıq kənd yolu çəkilib.

Ş.Mustafayev qeyd edib ki, ötən il regionlarda 2 elektrik stansiyası istifadəyə verilib, 1289 transformator və 20 yarımstansiya quraşdırılıb və ya təmir olunub, 8200 kilometrdən artıq elektrik və 12500 kilometrə yaxın qaz xətləri çəkilib, 43 rayon üzrə 430 yaşayış məntəqəsi təbii qazla təmin edilib, qazlaşdırma səviyyəsi 90%-ə, o cümlədən regionlar üzrə 80%-ə çatıb.

Nazir əlavə edib ki, su təchizatının yaxşılaşdırılması işləri davam etdirilib, əhalisi 175 min nəfər olan 4 şəhərdə su təchizatı layihəsi başa çatıb, regionlarda 750 kilometr su, 391 kilometr kanalizasiya xətti çəkilib, 125 minə yaxın əhalisi olan 58 yaşayış məntəqəsində modul tipli təmizləyici qurğular quraşdırılıb, əhalisi 630 min nəfərə yaxın olan 34 şəhər və rayonun 241 yaşayış məntəqəsində 300 subartezian quyusu qazılıb: "Qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirillib, 270-dək sənaye müəssisəsi, o cümlədən texniki avadanlıqlar, iri qabaritli transformatorlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr açılıb".

Onun sözlərinə görə, Mingəçevir Sənaye Parkının yaradılmasına başlanılıb, Neftçala Sənaye Məhəlləsində isə yaxın üç ay ərzində sahibkarlar tərəfindən ümumi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə üzrə müəssisələrin qurulmasına başlanacaq və bunun nəticəsində 380 yeni iş yeri açılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti