Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:17-də yayılıb)
Bakı. Ənvər Məmmədov - Trend:
"Bank of Azerbaijan"ın 6 599 əmanətçisi Azərbaycanın Əmanətlərin Sığortalanması Fondundan (ADIF) kompensasiya alacaq. Trend-in məlumatına görə, bu barədə fondun icraçı direktoru Azad Cavadov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ADIF yanvarın 29-dan bankın əmanətçilərinə kompensasiya verməyə başlayacaq: "Bankın cəmi 7 432 əmanətçisi var, bunun 6 599-u 24 199,448 min manat dəyərində kompensasiya alacaq".
A.Cavadov qeyd edib ki, qüvvədə olan qanunvericiliyə əsasən, sığortalanan əmanətin maksimum həcmi 30 min manatdır: "Əgər hansısa müştərinin 50 min manat dəyərində əmanəti varsa, 30 min manatı fond tərəfindən qaytarılacaq, qalan vəsait isə şirkət-ləğvedici (bankın vəsaitləri hesabına) tərəfindən qaytarılacaq. Kompensasiyaların verilməsi üçün artıq agent banklar müəyyənləşdirilib. Belə ki, kompensasiyaları "Muğanbank"da, Naxçıvan Muxtar Respublikasında isə "Rabitəbank"ın filialları vasitəsilə almaq mümkün olacaq".
Onun sözlərinə görə, kompensasiyaların verilməsinə başlanılması üçün hazırlıq işləri artıq tam yekunlaşıb: "Reyestrlər bu gün banklara veriləcək, vəsaitlər də bu gün banklara köçürüləcək ki, onlar sabahdan ödənişə başlaya bilsinlər. Əmanətlər yerləşdirildiyi valyutada qaytarılacaq. Multivalyuta əmanətləri olarsa, bankın müştərisinə 30 min manatı ötməmək şərtilə sığorta halı zamanı Mərkəzi Bankın rəsmi məzənnəsi üzrə manatla kompensasiya ödəniləcək".
A.Cavadov əlavə edib ki, "Bank of Azerbaijan"da əmanətlərin əsas hissəsi milli valyutada yerləşdirilib.
"Bank of Azerbaijan"ın 6 599 əmanətçisi kompensasiya alacaq (ƏLAVƏ OLUNUB-2)
"Bank of Azerbaijan"ın 6 599 əmanətçisi Azərbaycanın Əmanətlərin Sığortalanması Fondundan (ADIF) kompensasiya alacaq.