...

Dağ rayonlarında iri müəssisələr yaradılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2016 14:44 (UTC +04:00)
Dağ rayonlarında güzəştli kreditlər hesabına iri müəssisələr yaradılır.
Dağ rayonlarında iri müəssisələr yaradılır

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu məqsədlə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum iyunun 23-də Lerik rayonunun Anbu kəndində keçirilib. Forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Lerikdə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Lerik rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, pendir, şirniyyat məhsullarının istehsalı, meyvə və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Tədbirdə çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində 1209 sahibkara 66 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2800-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd edilib ki, ümumilikdə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2891 investisiya layihəsinin maliyyələşdirilməsinə 105,6 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı, cins heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə-tərəvəz emalı, tikinti materialları, süfrə suları, mebel istehsalı müəssisələrinin, çayçılıq, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 10 500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 59 sahibkara 516 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, heyvandarlıq, arıçılıq, çörək istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Lerikdə güzəştli kredit ayrılmış və gün ərzində 6 ton çörək istehsal etmək gücü olan müəssisəyə və illik istehsal gücü 3,5 min ton olan quşçuluq fabrikinə baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti