Bakı. Trend:
İqtisadiyyat naziri Şahin Mustafayev Əfqanıstanın maliyyə naziri Eklil Əhməd Hakiminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, “Azəravtoyol”, “Ərzaq məhsullarının tədarükü və təchizatı” səhmdar cəmiyyətlərinın, Azərbaycanın ixrac assosiasiyaları rəhbərlərinin, 25 iri yerli şirkətin nümayəndəsinin iştirak etdiyi görüşdə Ş.Mustafayev Azərbaycan-Əfqanıstan əlaqələrinin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycanın Əfqanıstanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edən iqtisadiyyat naziri beynəlxalq platformada Əfqanıstanın ölkəmizi dəstəklədiyini vurğulayıb. Hazırda Azərbaycan və Əfqanıstan arasında müxtəlif sahələrdə əlaqələr genişlənir. Azərbaycan humanitar, hərbi təhsil və tibbi təlimlər, minalardan təmizləmə, mülki treninqlər sahələrində Əfqanıstana dəstək göstərir.
Ölkələrimiz ticarət, investisiya, İKT, xidmət və s. kimi iqtisadi sahələrdə də əməkdaşlıq edir. 2017-ci ilin fevralında Kabilə ixrac missiyası təşkil edilib və missiya çərçivəsində bir sıra Azərbaycan məhsullarının ixracına dair razılıqlar əldə olunub. Görüşdə qeyd edilib ki, Azərbaycan 14-15 noyabrda Aşqabadda keçiriləcək Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlıq Konfransında (RECCA) təmsil olunacaq. İqtisadi əlaqələrin genişləndirilməsi baxımdan müxtəlif sahələr üzrə hüquqi bazanın yaradılmasının əhəmiyyətini vurğulayan nazir hazırda ölkələrimiz arasında müzakirə edilən bir sıra sənədlərə, o cümlədən İqtisadi və Ticarət Əməkdaşlığı haqqında Sazişə dair fikirlərini bölüşüb. Diqqətə çatdırılıb ki, Azərbaycan məhsullarının Əfqanıstana ixracı, ölkəmizin tranzit potensialından istifadə, tikinti sahəsində əməkdaşlıq üçün imkanlar genişdir. Bildirilib ki, bu ilin 9 ayında Azərbaycandan keçməklə Avropadan Əfqanıstana hərəkət edən TIR-ların sayı 5 dəfəyə yaxın artıb. Bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verildiyini xatırladan nazir Ş.Mustafayev bu mühüm əhəmiyyətli dəmir yolu xəttinin Əfqanıstan daşımaları üçün böyük imkanlar yaratdığını vurğulayıb. Bundan başqa, Əfqanıstanda yerləşən NATO qüvvələrinin tələbatını ödəmək məqsədilə Azərbaycan şirkətləri onları qida və geyimlə təchiz edə və ya bu sahədə birgə müəssisələr yaradıla bilər. Ş.Mustafayev Bakının da namizəd şəhərlər sırasında olduğu “EXPO 2025” beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsinə Əfqanıstanın dəstək olmasını xahiş edib.
Əfqanıstanın maliyyə naziri Eklil Əhməd Hakimi səmimi qəbul üçün təşəkkürünü bildirib, ölkəmizin sürətli inkişafından məmnunluğunu ifadə edib. Azərbaycan hökumətinin Əfqanıstana göstərdiyi dəstək və yardımlara görə minnətdarlığını bildirən Eklil Əhməd Hakimi ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu və iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bildirib, Əfqanıstanın Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstərdiyini vurğulayıb. Qeyd olunub ki, müxtəlif sahələrdə, eləcə də iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün hüquqi sənədlərin və müvafiq yol xəritələrinin hazırlanması vacibdir.
Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri təmsil etdikləri qurumların fəaliyyəti, istehsal etdikləri məhsullar və göstərdikləri xidmətlər barədə məlumat verib, Əfqanıstana ixrac imkanlarını diqqətə çatdırıblar.