Bakı. Trend:
KOB-ların maliyyəyə çıxışının genişləndirilməsi qlobal və milli səviyyədə prioritet kimi qəbul edilməlidir.
Trend-in məlumatına görə, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Maliyyə və İnvestisiya Forumu”nda çıxışı zamanı deyib.
"Bu gün olduqca dinamik bir mühitdə yaşayırıq və baş verən dəyişikliklərə, yaranmış yeni iqtisadi reallıqlara çevik reaksiyanın verilməsi üçün belə müzakirələrin təşkilini olduqca vacib hesab edirik.
Son illərdə dünyada baş verən qlobal dəyişikliklər, dünya iqtisadiyyatının demək olar ki, bütün sahələrinə ciddi təsirini göstərmişdir. Risklərdən qorunmaq məqsədilə, investorların inkişaf etməkdə olan iqtisadiyyatlardan sərmayələrini geri çəkmələri maliyyə sabitliyinə təhlükə yaratmışdır. İnkişaf etməkdə olan bazarlarda böyük həcmli kapital çıxışı müşahidə edilmiş və bu da dünya üzrə ciddi iqtisadi geriləmələrə səbəb olmuşdur. Bir çox ölkələr iqtisadi sarsıntını yüngülləşdirmək məqsədilə genişmiqyaslı makroiqtisadi dəstək proqramları qəbul etmişdir.
Qlobal dəyişikliklər öz növbəsində Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməmiş, iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olan daxili tələb amilləri üzərində məhdudlaşdırıcı təsirə malik olmuşdur. Məcburi məhdudlaşdırmalar iqtisadi fəallığın zəifləməsinə, biznesin maliyyə itkiləri ilə qarşılaşmasına səbəb olmuşdur. Belə bir şəraitdə təbii ki, dəyişikliklərə səbəb olan təsirlər malik olduğumuz strateji fəaliyyət gündəliyinə yeni elementlərin daxil edilməsini labüd etmişdir. Milli iqtisadiyyata, məşğulluğa və sahibkarlıq subyektlərinə, xüsusilə mikro, kiçik və orta müəssisələrə mənfi təsirləri minimallaşdırılması üçün Azərbaycan Hökuməti bir sıra dəstək proqramlarını qəbul etmişdir. Həmçinin, məhz sadalanan tələblərdən irəli gələrək Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmiş və və bu prioritetlərə söykənən “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” qəbul olunmuşdur. Bu Strategiyanın reallaşması 2026-cı ilin sonuna ölkə iqtisadiyyatının simasında böyük dəyişikliklərə səbəb olacaq, iqtisadi artım tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacaq, xüsusilə prioritet sahələrdə artım templəri sürətlənəcək, iqtisadiyyatın və məşğulluğun dayanıqlığı daha da güclənəcəkdir", - Agentlik sədri bildirib.
O.Məmmədov qeyd edib ki, şübhəsiz ki, maliyyə xidmətlərinə əlçatanlıq səviyyəsi istənilən dövrdə KOB-ların fəaliyyəti üçün boyük əhəmiyyət kəsb edir:
"Bu amil sahibkarlara yeni biznesə başlamaq və ya mövcud biznesini inkişaf etdirmək, eləcə də səmərəliliyi və məhsuldarlığı artırmaq imkanını təmin edir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “KOB-ların şaxələndirilmiş maliyyə alətlərinə çıxışının genişləndirilməsi” adlı Hesabatında maliyyə bazarlarının inkişaf səviyyəsinin biznes subyektlərinin inkişafı ilə mütənasibliyi ətraflı şəkildə əks edilmişdir.
Agentliyə daxil olan müraciətlərin və aparılan sorğuların təhlili sahibkarlıq subyektlərinin əksəriyyətinin kənar maliyyələşmə mənbəyi kimi güzəştli bank kreditlərinə üstünlük verdiyi aşkar olmuşdur. Həmçinin, beynəlxalq inkişaf təşkilatlarının hesabatlarına əsasən KOB subyektlərinin maliyyə mənbələrinə çıxışı sahəsində üzləşdikləri əsas çətinliklər kimi yüksək faiz dərəcələri və sərt girov şərtləri, risklərin bölüşdürmə və kreditlərə zəmanət mexanizmlərinin zəif inkişafı, xüsusilə regionlarda daşınar əmlakın girov mexanizminin məhdud tətbiqi, faktorinq və lizinq əməliyyatları həcminin və alternativ maliyyə alətlərinin çatışmazlığını qeyd etmək olar. Bir çox hallarda KOB-lar maliyyə xidmətləri təminatçılarının tələblərinə cavab vermir, hətta cavab verdikdə belə, kiçikhəcmli və aşağı gəlirli kreditlərin verilməsindən maliyyə institutları çəkinirlər.
Beynəlxalq Maliyyə Korporasiyasının hesabatlarına görə inkişaf etməkdə olan ölkələrdə formal kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün qarşılanmamış tələb kimi 5,2 trilyon ABŞ dolları həcmində maliyyə çatışmazlığı aşkar olması problemin qlobal olduğunu göstərir. Beləliklə, KOB-ların maliyyəyə çıxışının genişləndirilməsi qlobal və milli səviyyədə prioritet kimi qəbul edilməlidir.
Ölkəmizdə sahibkarlığın maliyyə ehtiyaclarını dəstəkləmək üçün mütəmadi olaraq təşəbbüslər həyata keçirilməkdədir. Aparılan islahatların nəticələri digər mötəbər hesabatlarla yanaşı, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının 2021-ci ildə dərc etdiyi “KOB Siyasəti İndeksi Hesabatı”nda da öz əksini tapmışdır. Hesabatda kredit informasiya sistemlərinin əhatə dairəsinin genişlənməsi, daşınar aktivlərin təhlükəsizliyi üçün reyestrin hazırlandığı, təminatlı əməliyyatlar üçün qanunvericilik bazasının mövcudluğu vurğulanmışdır. Lizinq və faktorinq əməliyyatlarının böyüməsi üçün ölkədə potensialın olduğu da qeyd edilmişdir.
KOB subyektlərinin maliyyə əlçatanlığının genişləndirilməsi istiqamətində Azərbaycan dövlətinin təşəbbüsləri sırasında Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanlarını qeyd etmək lazımdır. Həmin Fərmanlara əsasən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə digər vəzifələrlə yanaşı KOB-ların maliyyə resurslarına çıxışın genişləndirilməsi vəzifəsi də müəyyən edilmişdir. Sözügedən vəzifədən irəli gələrək Agentlik tərəfindən KOB subyektlərinin alternativ maliyyə alətlərinə çıxışını genişləndirəcək institusional fəaliyyət həyata keçirilməkdədir", - O.Məmmədov deyib.