Bakı. Trend:
BMT-nin Ərzaq və Kənd təsərrüfatı təşkilatı (FAO) Azərbaycanda əsas diqqətini məhsul keyfiyyətinin yaxşılaşdırılması üzrə layihələrin reallaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönəldib.
Trend-in məlumatına görə, bu barədə təşkilatın Mərkəzi Asiya üzrə subregional koordinatoru Viorel Gutu Türkiyə və Azərbaycandakı FAO nümayəndəliklərinin birgə fəaliyyətinə həsr olunmuş regional seminar zamanı deyib.
Onun sözlərinə görə, bu istiqamətdə bütün ölkələr səylərini birləşdirməlidir.
"Türkiyə bu sahədə böyük təcrübəyə malikdir və biz hesab edirik ki, bugün artıq bu məsələlər üzrə böyük nailiyyətlər əldə olunub. Düşünürəm ki, bügunkü tədbir bu tərəfdaş proqramlar çərçivəsində əməkdaşlığımızın gücləndirilməsi üçün təməl rolunu oynayacaq", - V.Gutu əlavə edib.
Qeyd edək ki, FAO-nun əsas məqsədi Azərbaycanda qida məhsullarının və tullantıların idarə olunması sahəsində layihələrə dəstəyə yönəlib. Tərəflər birlikdə kənd təsərrüfatı sahəsində 60-dan yuxarı layihə reallaşdırıb, xüsusən də ölkənin bölgələrində kənd təsərrüfatı mühiti, o cümlədən qida təhlükəsizliyi yaxşılaşdırılıb.