...

Bakıda Xəzər İnşaat Həftəsi başa çatıb (FOTO) (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2024 17:52 (UTC +04:00)
Bakıda Xəzər İnşaat Həftəsi başa çatıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Xəzər Tikinti Həftəsinin birinci günü başa çatıb.

Trend xəbər verir ki, 15-17 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionun inşaat sahəsində önəmli tədbiri olan Xəzər İnşaat Həftəsi keçiriləcək.

Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 29-cu Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild”, 16-cı Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri, eləcə də, bu tədbirlərlə yanaşı, 12-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgisi baş tutacaq.

Mühüm tədbirləri bir ad altında birləşdirən Xəzər İnşaat Həftəsi dünyanın bir sıra ölkələrindən tikinti sahəsinin müxtəlif şirkətlərini bir araya gətirir.

Sərgilər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Qarabağ iqtisadi rayonuna daxil olan işğdaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Bakı Şəhər İcra Hakimiyyəti, Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA), Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənir.

Hazırda Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərdə 22 ölkədən 380-dən artıq şirkət yer almaqdadır. İştirakçı ölkələrə Azərbaycan, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Finlandiya, Fransa, Hindistan, Portuqaliya, Polşa, Rumıniya, Rusiya Federasiyası, Çexiya, Çin, Özbəkistan, İran, İtaliya, Səudiyyə Ərəbistanı, Türkiyə və Macarıstan daxildir. Sərgilərdə Almaniya, Böyük Britaniya, Özbəkistan, Macarıstan, Rusiya, Türkiyə milli və regional stendlərlə təmsil olunacaq. Bu il keçirilən sərgilərdə keçən il ilə müqayisədə Çin şirkətlərinin sayında artım müşahidə olunur. Bundan başqa, təkcə Özbəkistandan 20-dən çox şirkət sərgilərə qatılır.

Sərgilərin miqyası daha da genişlənərək, Bakı Ekspo Mərkəzinin yeni istifadəyə verilmiş zalını da əhatə edəcək. Geniş fəaliyyət istiqamətlərini özündə birləşdirən sərgilərdə bu il ilk dəfə olaraq, süni intellekt və yüksək texnologiyaların tətbiqi ilə məşğul olan şirkətlər yer alacaq.

2024-cü ildə Xəzər İnşaat Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu əlamətdar hadisə Xəzər İnşaat Həftəsində iştirakçılar tərəfindən nümayiş olunacaq məhsul və xidmətlərdə, eləcə də sərginin tədbirlər proqramında öz əksini tapacaq.

Qarabağın bərpasına həsr olunmuş “Rebuild Karabakh” sərgisi bu il artıq 4-cü dəfədir ki, təşkil ediləcək.

Sərginin məqsədi Qarabağda baş verən müsbət dəyişiklikləri dünya ictimaiyyətinə çatdırmaq, eləcə də Qarabağın bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir. Sərginin əsas hədəfi Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etməkdir. Sərgidə təqdim olunan innovativ məhsullar, xidmətlər və həllərin müxtəlifliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaradır.

“Rebuild Karabakh” sərgisi investisiyalar, ekologiya, energetika, informasiya texnologiyaları, inşaat, inşaat materialları, kənd təsərrüfatı, kimyəvi məhsulların topdan satışı, mədənçilik, nəqliyyat, təhlükəsizlik, yol tikintisi və infastrukturu və s. bölmələr üzrə təşkil ediləcək.

İşğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq üçün təşkilatçıların təşəbbüsü ilə hər bir sərgi iştirakçısı tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə məqsədilə vəsait köçürülür. 2021-ci ildən etibarən hazırkı dövrə qədər ümumilikdə 109 243,16 AZN dəyərində ianə bağışlanıb.

“BakuBuild” müxtəlif şirkətlərin nümayəndələrini, təchizatçıları və tikinti peşəkarlarını bir məkanda birləşdirir. Sərgidə ziyarətçilər tikinti proseslərini əhəmiyyətli dərəcədə təkmilləşdirə biləcək bir çox yeni texnologiyalarla tanış olurlar. Ziyarətçilər yeni işgüzar əlaqələr qurmaq, potensial tərəfdaşlıqları müzakirə etmək və peşəkar şəbəkələrini genişləndirmək imkanı əldə edirlər. Sərgi aparat məhsulları, döşəmələr, idman məhsulları, interyer, işıqlandırma, izolyasiya sistemləri, keramika və üz daşı, metal, pəncərə və qapılar, santexnika, sauna və üzgüçülük hovuzları, tikinti material və məhsulları, tikinti və istehsalat avadanlıqları kimi bölmələri əhatə edir.
“Aquatherm Baku” sərgisi enerjinin idarə olunması sistemləri, ətraf mühitin mühafizəsi texnologiyaları, filtrlər, günəş enerjisi, hava nəmləndiriciləri, hava qızdırıcıları (kaloriferlər), içməli su istehsalı, irriqasiya (suvarma) sistemləri, istilik izolyasiyası materialları, istilik sistemləri, kondisionerlər, nasoslar, qızdırıcılar, radiatorlar, saunalar, soyuducular, üzgüçülük hovuzları, ventilyatorlar və s. kimi sektorlar təqdim olunur.

“Road&Traffic” sərgisi Azərbaycanda yol infrastrukturu sahəsində ixtisaslaşmış tədbirdir. Sərgi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları sektorlarının peşəkarlarının görüş yeridir. Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS)
sektoruna aid olan məhsulların satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə təcrübə mübadiləsi üçün nadir imkandır. Sərgi hər növ avadanlıq və texnika üçün sürtkü yağları, ictimai nəqliyyat, intellektual nəqliyyat sistemləri, hərəkətin idarə olunması, yanacaq və paylayıcı avadanlıq, yol təhlükəsizliyi, yol-nəqliyyat infrastrukturu kimi bölmələri əhatə edəcək.

Tədbirin işgüzar proqramında ekspert və mütəxəssislərin tikinti sahəsində öz bilik və təcrübələrini bölüşdükləri sessiyalar, panel müzakirələri, B2B və B2G görüşlərin keçirilməsi planlaşdırılır. Bu, ziyarətçilərə yeni biliklər, sənayedəki ən son tendensiyalar haqqında məlumat əldə etmək və peşəkar bacarıqlarını artırmaq imkanı verir. Bundan əlavə, sərgilərin beynəlxalq statusu iştirakçılara xarici şirkətlərin məhsullarının Azərbaycan bazarında təqdim edilməsi, eləcə də yeni bazarların və imkanların araşdırılması üçün fürsət qazandıracaq.

Xəzər İnşaat Həftəsinin tədbirlər planı çərçivəsində "Ağdama qayıdan həyat", "Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin 2024-cü ildə gördükləri işlərin icmalı", "COP29 beynəlxalq iqlim tədbirinin müasir tikinti sektoruna təsirləri və innovasiyaların inkişafı", “Yaşıl Dünya üçün innovativ yaşıl inşaat texnologiyaları”, “Yaşıl Tikintinin Azərbaycanda və regionda yeni üfüqləri”, “Yaşıl Tikinti üçün əlverişli texnologiyaların araşdırılması” kimi mövzularda panel müzakirələri, eləcə də “Müasir inşaat texnologiyaları sahəsində Türkiyə- Azərbaycan əməkdaşlığı” mövzusunda seminar keçiriləcək. Bundan başqa, sərgi günlərində Bakı Ekspo Mərkəzində sərgi ziyarətçilərinin diqqətini cəlb edəcək guşələr təşkil ediləcək.

Sərgi günlərində Bakı Ekspo Mərkəzində sərgi ziyarətçilərinin diqqətini cəlb edəcək guşələr təşkil ediləcək.

Belə ki, Azərbaycanın tarixini və mədəni dəyərlərini əks etdirən "Qarabağ - xalçaçılıq diyarı" guşəsində milli ornamentlərlə zəngin Qarabağ xalçaları nümayiş olunacaq. Bu guşədə peşəkar xalçaçılar tarixi Qarabağ xalçalarını canlı olaraq toxuyacaqlar. Bununla yanaşı, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə “Ümid var” xeyriyyə cəmiyyətindən olan uşaqların "Qarabağ fərqlilərin fırçasında" adlı sərgisi təqdim olunacaqdır. Eyni zamanda, sərgilər zamanı Qarabağ Dirçəliş Fondu tərəfindən “Qarabağda urbisid və ekosid” adlı fotosərginin nümayişi baş tutacaqdır.

Xəzər İnşaat Həftəsi tikinti və infrastruktur sahəsində ən son texnologiyaların və innovativ həllərin inteqrasiyasını təşviq edən və beynəlxalq biznes əlaqələrinin möhkəmləndirilməsinə töhfə verən mühüm beynəlxalq tədbirə çevrilib. Hər il bu tədbir Xəzər regionunun iqtisadiyyatının davamlı inkişafına yönəlmiş layihələrin uğurla həyata keçirilməsi və strateji tərəfdaşlıq əlaqələrinin qurulması üçün vacib məkan rolunu oynayır.

Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Bakıda keçirilən Xəzər İnşaat Həftəsi çərçivəsində təqdim olunan eksponatlarla tanış olub.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri Xəzər İnşaat Həftəsinin iştirakçılarına minatəmizləmə prosesini nümayiş etdiriblər.

Tədbir zamanı Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov deyib ki, Şuşada yeni yaşayış binaları tikiləcək və insanların köçürülməsi davam edəcək:

“Bu il Şuşaya sakinlərin köçürülməsi həyata keçirilib. Böyük qayıdış proqramına uyğun olaraq bərpa və yenidənqurma işləri davam etdirilir və insanların öz doğma yurdlarına köçürülməsi davam etdiriləcək”.

Öz növbəsində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin İcraçı direktorun köməkçisi Həmid Mehdiyev çıxış edərək bildirib ki, Ağdərə şəhərində 190 evin tikintisi nəzərdə tutulur:

"Suqovuşanda 5 ədəd 5 mərtəbəli binanın tikintisi yekunlaşmaq mərhələsindədir. Xankəndi şəhərinə məcburi köçkünlərin qayıdışı hələ başlamayıb, lakin 5 mindən çox dövlət və qeyri-dövlət strukturların nümayəndələri, əməkdaşlar orada məskunlaşıb. Qarabağ Universitetinin fəaliyyətə başlaması ilə 1200 tələbə məskunlaşıb".

Əlavə olaraq Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti İcraçı direktorun vəzifələrini icra edən Tofiq İslamov çıxış edərək vurğulayıb ki, Laçın rayonu Qorçu kəndində inşa olunan və saatda 200 sərnişinə xidmət edəcək beynəlxalq hava limanının tikintisi bitmək üzrədir:

“Hava limanı bölgələrə gediş-gəlişi asanlaşdıracaq və Laçının turistik potensialından geniş istifadə olunmasına imkan verəcək”.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktorun müavini Səbuhi Abdullayev öz növbəsində bildirib ki, işğaldan azad edilmiş Tuğ kəndinin vacib turizm məntəqəsi olduğunu nəzərə alınaraq, burada avtomobil dayanacağı yaradılacaq:

“Yenidənqurma işləri aparıldıqdan sonra bir sıra mövcud binalar yeni təyinatla - hotel, mədəniyyət mərkəzi, aptek olaraq istifadə ediləcək. Hadrut qəsəbəsində də bərpa prosesinə aid işlər davam etdirilir və hazırda qəsəbədə söküntü və şaquli planlaşdırma işləri icra edilir. Ümumilikdə Hadrut qəsəbəsində 11 yaşayış binasının bərpası və tikintisi nəzərdə tutulur”.

Bundan əlavə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin Biznes layihələrin təhlili şöbəsinin rəhbəri Aqşin İbişsoy qeyd edib ki, Ağdam Sənaye Parkının 60 faizi dolub:

"Gələn il Ağdam Sənaye Parkında yer qalmayacaq. Bu günlərdə Ağdam Sənaye Parkında bir neçə müəssisə fəaliyyətə başlayb. Fəaliyyətə başlayan yeni müəssisələr tərəfindən Ağdam Sənaye Parkına ümumilikdə 40 milyon manatdan artıq investisiya yatırılıb. İlkin mərhələdə 150-dən çox daimi iş yeri yaradılıb, növbəti mərhələdə isə bu iş yerlərinin sayının 456 nəfərə çatdırılması nəzərədə tutulur".

Qeyd edək ki, 15-17 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionun inşaat sahəsində önəmli tədbir olan Xəzər İnşaat Həftəsi keçirilir. Mühüm tədbirləri bir ad altında birləşdirən Xəzər İnşaat Həftəsi dünyanın bir sıra ölkələrindən tikinti sahəsinin müxtəlif şirkətlərini bir araya gətirir. Hazırda Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərdə 22 ölkədən 380-dən artıq şirkət yer almaqdadır.

Xəbər lenti

Xəbər lenti