Vergilər Nazirliyi borcluların sayının üç dəfə azaldığını təsdiq edib. Trend xəbər verir ki, vergi borclarının məcburi alınması üzrə işlərin təşkili üzrə İdarənin başçısı Bəxtiyar Qəhrəmanov bu günkü mətbuat konfransında bildirib ki, hazırda 12,5 min borclu var və onların vergi borcunun ümumi məbləği 1,680 mlrd. manat təşkil edir. 1 yanvar 2006-cı il tarixinə olan vəziyyətə görə isə 45 min vergi ödəyicisinin borcu 2 mlrd. manatdan çox idi. Bu, 2006-cı il ərzində keçirilmiş tədbirlərin nəticəsidir.
Borcların böyük əksəriyyəti (60%) dövlət sektorunun, 40%-i isə qeyri-dövlət sektorunun payına düşür. Özəl sektorda borcluların 90%-i - hüquqi şəxslər, 2%-i isə fiziki şəxslərdir.
B.Qəhrəmanovun sözlərinə görə, Vergilər Nazirliyində yaradılmış avtomatlaşdırılmış sistem gündə vergi borclarının ödənişinin nə vəziyyətdə olduğunu izləməyə imkan verir. Əsasən 2000-2500 borclu ilə iş görülür, çünki borcluların 70%-nin borcunun məbləği 1 min manata qədər, 20%-i isə 10 manata qədərdir.
Dövlət büdcəsinə daxil olmaların böyük əksəriyyəti əlavə edilmiş vergidən ibarət olduğundan, verginin bu növünün xüsusi çəkisi vergi borcunun ümumi həcminin 25-30%-ni təşkil edir.
Vergilər Nazirliyi İdarəsinin rəis müavini Hikmət Fətullayevin sözlərinə görə, Azərbaycanda vergi borcu sahəsində vəziyyət yaxşıdır, çünki ölkədə fəaliyyət göstərən vergi ödəyicilərinin 10-12%-nin (137 min) borcu var. Dünya təcrübəsinə əsasən, müəssisələrin ümumi sayının 10%-nə qədər göstərici normal hesab olunur.