...

AZPROMO qeyri-neft sektorunda xarici investorlar arasında sorğu keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2006 15:41 (UTC +04:00)

Bu gün Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən xarici investorlar arasında keçirilmiş sorğunun nəticələri təqdim olunub. Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatına istinadən xəbər verir ki, sorğu Progon GFK beynəlxalq araşdırmalar qrupu tərəfindən oktyabr-noyabr ayları ərzində 100 investor arasında keçirilib. TACIS proqramının AZPROMO-ya dəstək layihəsi çərçivəsində həyata keçirilən sorğu paytaxt və bölgələri əhatə edib.

Təqdimat AZPROMO-nun Himayəçilər Şurasının üzvləri üçün təşkil olunub və TACIS Proqramının eksperti Robert Heyzak tərəfindən keçirilib. Tədbirdə qeyd olunduğu kimi, bu cür sorğu Azərbaycanda ilk dəfədir ki, keçirilib və onun məqsədi - investorların ölkədəki vəziyyəti necə qiymətləndirdiklərini, onların ehtiyaclarını, investisiya mühitinin daha da yaxşılaşdırılmasına dair hökümətdən gözlədiklərini və sair məsələlərə aydınlıq gətirməkdən ibarət idi.

Sorğuda iştirak edən investorların 77%-i gələn 3 ildə Azərbaycanda fəaliyyətlərini genişləndirmək niyyətində olduqlarını bildirib və ölkədə 3-7 minə qədər yeni iş yerləri yaratmağı planlaşdırırlar.

Nəticələr həmçinin investorların ixraca daha az maraq göstərdiyini təyin edib və onlar əsasən yerli bazarın imkanlarından istifadə etmək niyyətindədirlər. Və xarici investorların yalnız 14%-i öz məhsul və xidmətlərini Azərbaycandan Rusiya, Qazaxıstan və Gürcüstan kimi ölkələrə ixrac edirlər. Sorğuda iştirak edənlərin 25% investisiyaların əlverişli forması kimi Azərbaycanda birgə müəssisələr yaratmağa üstünlük verib. Ölkədə biznes üçün başlıca probemlərdən biri yerli əhali arasında peşəkar işçi qüvvəsinin çatışmamasıdır. Həmçinin investorların müəllif hüquqlarının müdafiəsi də prioritet hesab olunur. "İnvestorların ölkədə özlərini nə dərəcədə rahat hiss etmələrini bilmək çox vacibdir. AZPROMO-nun başlıca vəzifələrindən biri investorların qeyri-neft sektoruna cəlb olunmasıdır və sorğu məhz bu məqsədi güdür", - deyə AZPROMO Müşahidə Şurasının sədri Çingiz Əsədullayev qeyd edib.

"Belə bir sorğu ilk dəfədir ki, keçirilib və Azərbaycanda investisiya mühitinin aydın şəklini formalaşdırmağa imkan verir", - deyə AZPROMO-nun prezidenti Emil Məcidov bildirib. Onun sözlərinə görə, AZPROMO əldə olunan nəticələri xarici investorlar üçün yeni xidmətlərin həyata keçirilməsi, hökümət üçün investisiya mühitinə dair tövsiyyələrin işlənməsində istifadə edəcək.

Xəbər lenti

Xəbər lenti