...

AİB çərçivəsində yolların yenidənqurulmasına bu ilin ikinci kvartalında başlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2007 12:21 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Bu ilin ikinci kvartalında Azərbaycan Nəqliyyat Nazirliyi Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi avtomobil yollarının yenidənqurulması layihəsinə başlamaq niyyətindədir. Bu barədə Azərbaycan Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin rəhbəri Sədrəddin Məmmədov məlumat verib.

Asiya İnkişaf Bankı (AİB) ilə müqavilə Azərbaycana Yevlax-Gəncə avtomobil yolunun 88,8 kilometrlik sahəsinin yenidənqurulmasına və yeni 38 kilometrlik Qazax-Gürcüstan sərhədi avtomobil yolunun tikintisinə 52 milyon dollar həcmində kredit ayırmağı nəzərdə tutub. Kredit iki hissədən ibarətdir - adi şərtlərlə ayrılan, 4 illik güzəşt dövrü ilə 24 illiyə Libor+0,4 norması üzrə təqdim olunan birinci kredit 49 milyon dollar, ikincisi isə (Asiya İnkişaf Fondunun şərtləri ilə) 8 illik güzəştli dövrü ilə 1 faiz illiklə, qalan dövrlərdə 1,5 faiz illiklə 32 illik müddətinə 3 milyon həcmindədir.

Yevlax-Gəncə avtomobil yolunun yenidənqurulması layihəsinin ümumi dəyəri 58,7 milyon dollar təşkil edir, bunun da 10,4 milyon dollarını İslam İnkişaf Bankı, 11 milyon dollarını Səudiyyə İnkişaf Fondu, 24 milyon dolları Asiya İnkişaf Bankı ayırıb və 13,3 milyon dollar isə Azərbaycan hökumətinin payıdır. Qazax-Gürcüstan sərhədi avtomobil yolunun yenidənqurulması layihəsinin dəyəri 30 milyon dollar təşkil edir, bunun da 28 milyon dollarını Asiya İnkişaf Bankı ayırıb, 2 milyon dolları isə Azərbaycan hökumətinin payı təşkil edir.

Xəbər lenti

Xəbər lenti