Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa hökumətlərarası komissiyanın ikinci iclasının 2007-ci ilin noyabrında Bakıda keçirilməsi planlaşdırılır. Bu barədə Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kşiştof Kraevski məlumat verib.
Görüşdə 2006-cı ilin 11-12 sentyabrında Varşavda keçirilmiş birinci toplantının yekunlarına əsasən görülmüş işlər müzakirə olunacaq.
"Biz artıq görülmüş işləri və görülməli olan işləri müzakirə edəcəyik. Ölkələrimiz arasındakı iqtisadi əlaqələrin dinamikası çox da yüksək deyil. Ticarətin səviyyəsi yaxşıdır, amma hələ kifayət qədər deyil" - deyə səfir bildirib.
2006-cı ilin yekunlarına əsasən, Azərbaycan və Polşa arasında əmtəə dövriyyəsi 2005-ci ildəki 50 mln. dollara qarşı 70 mln. dollar təşkil edib.
Hökumətlərarası komissiyada energetika sahəsıində əməkdaşlıq məsələlərinin müzakirə olunması da mümkündür.
"Polşa Odessa-Brodı kəməri ilə Azərbaycandan neft tədarükündə maraqlıdır. Azərbaycan qazının ixracı məsələsi isə hələ ki gündəlikdə durmur" - deyə Kraevski bildirib.
Azərbaycan tərəfdən komissiyaya iqtisadi inkişaf naziri Heydər Babayev, Polşa tərəfdən isə iqtisadiyyat naziri Petr Voznyak rəhbərlik edir.