...

Əmək Müfəttişliyinin rəhbəri: "Bakıda 90-dan artıq tikinti şirkəti yoxlanılacaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2007 13:14 (UTC +04:00)
Əmək Müfəttişliyinin rəhbəri: "Bakıda 90-dan artıq tikinti şirkəti yoxlanılacaq"

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Bazar ertəsi Əmək Müfəttişliyinin rəhbəri Nəbi Şükürlünün verdiyi məlumata görə, Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi bazar ertəsindən başlayaraq tikinti obyektlərində kütləvi yoxlamalara başlayacaq.

"Bakıda 92 tikinti şirkəti fəaliyyət göstərir, regionlardakı şirkətlərin sayı isə yoxlamalar zamanı müəyyən olunacaq" - deyə Şükürlü bildirib.

Avqustun 28-i Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Bakıda 16 mərtəbəli binanın uçmasından sonra müfəttişliyin əməkdaşları ilə iclas keçirərək müfəttişliyin işindən narazılığını ifadə edib.

"Müfəttişlik tikinti işləri ilə bağlı yoxlamaları təkcə sınaq dövrü ərzində deyil, həmçinin onun bitməsindən sonra da aparmalıdır" - deyə nazir iclasda bildirib.

Şükürlünün sözlərinə görə, müfəttişlik sınaq dövrünün bitməsindən sonra da yoxlamaları davam etdirəcək.

"Əmək müfəttişliyi bütün tikinti obyektlərində texniki təhlükəsizlik qaydalarına əməl olunması, əmək müqaviləsinin olması və tikintidə xüsusi ləvazimatlardan istifadə olunması ilə bağlı yoxlamalar aparacaq" - deyə müfəttişliyin rəhbəri bildirib.

Müfəttişliyin əməkdaşları yoxlamaları 5-7 gün ərzində aparacaqlar.

Son məlumatlara görə, avqustun 28-də Bakının mərkəzində binanın uçması zamanı həlak olanların sayı 15 nəfərə çatıb. İlkin versiyaya görə, binanın uçması keyfiyyətsiz tikinti materiallarından istifadə olunması, həmçinin texniki təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması nəticəsində baş verib.

Xəbər lenti

Xəbər lenti