Azərbaycan, Bakı, 10 may / Trend , müxbir E.İsmayılov/ Azərbaycanın Türkmənistanla təkcə qaz sahəsində deyil, digər sahələrdə də əməkdaşlıq etməsinə böyük imkanlar var. Bu barədə şənbə günü Sənaye və Energetika naziri Natiq Əliyev bildirib.
Məsələn, əməkdaşlıq neft-qaz sahəsində kəşfiyyat işlərinin birgə aparılması ola bilər. "Bildiyiniz kimi, bizim yataqlar bir-birinə oxşayır", - nazir əlavə edib.
Ola bilsin ki, Azərbaycan və Türkmənistanın dəniz yataqları infrastrukturları birləşsin. Burada neft-qaz boru kəmərlərinin birləşməsi, enerji resurslarının nəqliyyat məsələləri üzrə qarşılıqlı kömək nəzərdə tutulur. Enerji təhlükəsizliyini artırmaq məqsədilə, elektrik enerjisinin daşınması mümkün olan sualtı kabellər vasitəsilə iki ölkəni birləşdirmək məsələsi də müzakirə olunur.
Azərbaycan Türkmənistana qaz nəqli üçün şərait yaratmağa hazırdır, Natiq Əliyev bildirib. Sözügedən qaz nəqliyyatı Bakı-Tbilisi-Ceyhan qaz kəməri vasitəsilə gerçəkləşə bilər.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]