Azərbaycan, Bakı, 18 noyabr/ Trend , müxbir A.Bədəlova/ "Nabucco gas pipeline International konsorsiumu Azərbaycanın "Şahdəniz" yatağının işlənilməsi layihəsinin ikinci mərhələsi çərçivəsində, ildə 8 mlrd. kubmetr qaz almağı planlaşdırır", - OMV şirkətində beynəlxalq layihələr və "Nabukko"nun nümayəndəsi Kristian Dolezal (Christian Dolezal) bildirib.
"Konsorsium "Nabukko" layihəsinin realizəsinin ikinci mərhələsində İraqdan eyni həcmdə qaz gözləyir", - Dolezal çərşənbə axşamı elektron poçtla Trend -a bildirib.
Avropa KİV-ə əsasən, "Nabukko"nun operatoru olan Avstriyanın OMV şirkəti BP şirkəti ("Şahdəniz" layihəsinin operatoru) və Royal Dutch Shell Britaniya-Hollandiya şirkəti ilə "Nabukko" boru kəməri ilə nəqletmə üçün Azərbaycan və İraq qazının satın alınması üzrə danışıqlar aparır.
Dəyəri $12,4 mlrd. olan "Nabukko" qaz kəməri ilə 2013 - cü ildən Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin çəkilməsi 2010 - cu ilə təyin edilib. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.
"Şahdəniz" yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində, ildə ən yüksək hasilatın 8,6 mlrd. kubmetr həcmində olacağı gözlənilir. İkinci mərhələdə hasilatın ildə 20 mlrd. kubmetrədək artırılması gözlənilir. Yatağın ikinci mərhləsinin işlənilməsi 2013 - cü ilə təyin edilib. "Nabukko" qaz kəməri ilə ilk tədarüklər də bu ilə planlaşdırılır.
"Avropa qanunu eyni zamanda boru kəməri infrastrukturu yaratmaq və qaz satışını həyata keçirməyə imkan vermir", - Dolezal bildirib.
Onun sözlərinə görə, Nabucco Gaspipeline International və qaz ixracatçıları arasında saziş ərizələr qəbul edildikdən sonra imzalanacaq ki, bu da hüquqi məsələ razılaşdırıldıqdan sonra mümkün olacaq.
Ərizələrin qəbuluna 2009 - cu ilin birinci yarısında başlanılacaq, - Dolezal bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]