...

Azərbaycanda yeni qazlaşdırma Proqramı hazırlanıb: "Azəriqaz" - ın rəhbəri ilə müsahibə

Energetika Materials 20 Noyabr 2008 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr/ Trend , müxbir E.İsmayılov/ "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikov ilə Trend -ın müsahibəsi

- Azərbaycanda iki yeraltı qaz anbarı fəaliyyət göstərir - "Qalmaz" və "Qaradağ". Hazırda Qaradağ qaz anbarının genişləndirilməsi üzrə iş aparılır. Bu iş başa çatdıqdan sonra yeraltı qaz anbarına hansı həcmdə qaz vurulacaq və onun genişləndirilməsinin əhəmiyyəti nədən ibarədir?

- İstənilən ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi, onun iqtisadiyyatının və əhalisinin enerji daşıyıcılarına və xüsusilə də təbii qaz təminatında yeraltı qaz anbarlarının əhəmiyyəti böyükdür. Bu kimi anbarların ölkənin qaz nəqletmə sistemində ayrılmaz və vacib seqmentlərdən olması, anbarların imkanlarından istifadə etməklə, payız - qız mövsümündə və ya hər hansı bir fors-major hallarında tələbata uyğun kifayət qədər qazın götürülməsinin reallaşdrılmasından irəli gəlir.

Bütün bunları nəzərə alaraq, Azərbaycan rəhbərliyi yeraltı qaz anbarlarının hər zaman istismara yararlı olmasına, onların aktiv qaz tutumunun mümkün qədər artmasına və ümumilikdə, gələcəkdə onların strateji qaz ehtiyatları mənbəyi kimi istifadə edilməsi məsələlərinə daim diqqət yetirir.

Məhz bu baxımdan mövcud yeraltı qaz anbarlarının genişləndirilməsi ilə bağlı yenidənqurma işləri aparılır və onların aktiv tutumunun 3 mlrd. kubmetrədək artırılması mərhələli şəkildə həyata keçirilir. 2008 -ci ildə yeraltı qaz anbarlarına 1,3 mlrd. kubmetr təbii qazın vurulması nəzərdə tutulub. Artıq noyabrın 1-nə anbarlara 1 mlrd. 38 mln. kubmetr qaz vurulub.

- 2008 - 2009 - cu qış mövsümünə hazırlığın vəziyyəti nə yerdədir?

- 2008 -2009 - cu illərin payız - qış mövsümündə respublika istehlakçılarının stabil şəkildə təbii qazla təmin edilməsi məqsədi ilə "Azəriqaz" QSC 16 metrdən çox müxtəlif diametrli qaz kəmərlərinin əvəzlənməsi, əlaqələndirilməsi və ya dairəvi birləşdirilməsini, qaz paylanmasında istifadə olunan böyük miqdarda xüsusi avadanlıqların təmirini və quraşdırılmasını həyata keçirib. Bütün bu tədbirlərin reallaşdırılması və qaz anbarlarına kifayət qədər qazın vurulması payız - qış mövsümündə qaza artan tələbatın mümkün qədər ödənilməsinə əsas verir.

- Azərbaycan hər il bir hissəsi ixrac edilən, digər hissəsi ölkə daxilində paylanan təbii qaz hasilatının həcmini artırır. Hazırda respublikada təbii qaza olan tələbatın həcmi nə qədərdir və bu tələbat nə dərəcədə ödənilir?

- 2007- ci ildən biz qaz idxalından tamamilə imtina edərək, qaz tələbatının ödənilməsində yalnız yerli qazdan istifadə etməyə başladıq. Ötən il Azərbaycanda təbii qaz hasilatı kəskin şəkildə artdı və qaz nəqli sisteminə 9,1 mlrd. kubmetr qaz daxil edildi. 2008 - ci ildə bu göstərici 11,2 mlrd. kubmetr həcmində qeydə alınıb.

Bu həcmdə təbii qazın olması təkcə itehlakçı tələbatının ödənilməsinə deyil, həm də təbii qazın artım səviyyəsi hesabına bu qazdan səmərəli istifadə etməklə, əvvəllər qaz ilə təmin olunmayan bölgələrin qazla təminatına imkan yaradır. 2009 - cu ildə yerli qaz istehsalının artım dinamikası davam edəcək.

- Respublika ərazisinin neçə faizi qaz ilə təmin edilib və hazırda qazlaşdırma prosesi necə gedir?

- "Azəriqaz" ölkənin qazlaşdırılması üzrə işləri Azərbaycan prezidenti İlham Əliyevin regionların sosial - iqtisadi inkişafının sürətləndirilməsi haqqında müvafiq sərəncamı əsasında həyata keçirir.

Ölkə rəhbərinin sərəncamı çərçivəsində, bölgələrdə həyata keçirilən qazlaşdırma nəticəsində, təbii qazla təmin edilən inzibati - ərazi bölgələrin sayı 35-dən 56 - ya çatdırılıb və işğal altında olan torpaqlar istisna olmaqla, bütün rayonlar bu və ya digər şəkildə təbii qaz alır. Bu işlərin icrası nəticəsində, Azərbaycanın qazlaşma səviyyəsi 83 - 84 faizə çatıb ki, bu da 1991-ci ilin qaz təminatı səviyyəsi ilə müqayisədə dəfələrlə artıqdır.

2008 - ci ildə əldə edilmiş qazlaşma göstəriciləri əsasında QSC 2009 - 2013- cü illər üçün yeni qazlaşdırma Proqrammı hazırlayıb. Hazırda təklif baxış üçün müvafiq qurumlara təqdim olunub və Proqramın təsdiqindən sonra işlərin həyata keçirilməsinə başlanacaq.

1889 yaşayış məntəqəsinə qazın verilməsini (550 abunəçi "mavi yanacaq" ilə təmin ediləcək) nəzərdə tutan bu Proqramın reallaşdırılması ilə ölkənin qaz təminatı 90 faizə çatdırılacaq. Bununla da, Azərbaycan prezidlenti İlham Əliyevin qaz təsərrüfatı işçiləri qarşısına qoyduğu tapşırığın icrası təmin ediləcək.

- SOCAR şirkətinin müstəqil şəkildə işlədiyi yataqlardan hasil etdiyi təbii qazın hansı həcmi "Azəriqaz"a verilib və ilin sonunadək QSC nə qədər həcmdə qaz alacaq?

- 2008 - ci ildə ölkənin təsdiq edilmiş yanacaq - enerji balansına əsasən, SOCAR-dan "Azəriqaz" a 11 mlrd. 287 mln. kubmetr təbii qazın verilməsi proqnozlaşdırılır. Doqquz ayın nəticələrinə görə, QSC -yə faktiki olaraq 7 mlrd. 950,4 mln. kubmetr təbii qaz verilib ki, bu da göstərilən dövr üçün nəzərdə tutulan plan göstəricilərinə nisbətdə 119,8 faiz təşkil edir.

Ümumi qaz həcmindən 3 mlrd. 495,3 mln. kubmetr təbii qaz "Azərenerji"yə verilib, 4 mlrd. 215,5 mln. kubmetr qaz isə, digər istehlakçılar arasında paylanıb.

Dördüncü rübdə 3 mlrd. 336,6 mln. kubmetr təbii qazın qəbul olunması nəzərdə tutulur, yəni yekun həcm ölkənin yanacaq - energetika balansı səviyyəsinə çatdırılacaq.

- Sayğaclaşdırma prosesi qazın istehlakına və istifadə edilmiş qaza görə ödənişin həcminə necə təsir edib?

- 2005-2007-ci illərdə ölkə rəhbərliyinin tapşırığına əsasən, "Azəriqaz" abunəçilərin sayğacla təminatı üzrə işlər həyta keçirib. Hazırda 1,2 mln. abunəçi və ya istehlakçılarının ümumi sayının 99,6 faizi sayğacla təmin edilib. Sayğacların tətbiqi istifadə edilmiş təbii qazın ödənilməsi səviyyəsinə çox müsbət təsir göstərib və 2005-ci illə müqayisədə, 30 faiz artıb.

2008 - ci ilin sentyabrında tədarük olunan qaza görə yığım həcmi 92,8 faiz, əhalinin güzəştsiz əhali üzrə isə, 79,5 faiz təşkil edib. Ümumilikdə isə, 2008 - ci ilin doqquz aylıq nəticələri, müvafiq olaraq, 65,6 və 62,7 faiz təşkil edib.

- Bu gün Azərbaycan fəal inkişf edir, iqtisadi artım templəri yüksəlir. Bütün ölkə üzrə fəal tikinti prosesi gedir ki, bu da qaz istifadəçilərinin sayının artmasına səbəb olur. Hazırda "Azəriqaz" QSC-nin nə qədər abunəçisi var?

- Hazırda qazla təmin edilən istehlakçıların ümumi sayı 1 153 119 nəfər təşkil edir, onlardan əhali abunəçilərinin sayı 1 134 531 nəfərdir. "Azeriqaz" tərəfindən qazla təmin edilən inzibati - ərazi bölgələrinin, bu bölgələrin yaşayış məntəqələrinin və nəticə etibarilə, istehlakçı sayının artırılması istiqamətində planlı işlər aparır.

- Yaxın vaxtlarda qazpaylayıcı sistemin yeniləşdirilməsi və ya əsaslı tikinti üzrə işlərin aparılması planlaşdırılırmı?

- 2008 - ci ildə, əvvəlki illərdə olduğu kimi, qazpaylayıcı sistemin ayrı - ayrı istiqamətlərində qaz kəmərlərinin tikintisi, əsaslı təmir və bərpa işləri, qaztənzimləyici və digər avadanlıqların istismara yararlı hala gətirilməsi həyata keçirilib.

Ümumilikdə 2004 -2008 - ci illərdə təqribən 2000 km uzunluqda müxtəlif diametrli qaz kəmərləri çəkilib və bərpa edilib. Bu rəqəmin 386 km -i magistral qaz kəmərləri, 1540 km -i nəqliyyat və paylayıcı xətlərdir.

Qaz nəqletmə sisteminin daimi istismara yararlı halda saxlanılması, bu sistemin davamlı olaraq texniki və texnoloji baxımdan qəbiliyyətinin artırılması nöıbəti illərdə, yəni 2009 - 2013 - cü illərin tədbirlər planında öz əksini tapıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti