Azərbaycan, Bakı, 27 noyabr/ Trend / Yanvar - oktyabrda yanacaq kimi istifadə edilmək üçün "Azərenerji" Səhmdar Cəmiyyətinə 3,9 mlrd. kubmetrdən çox qaz verilib. Ötən ilin analoji dövründə bu rəqəm 2,4 mlrd. kubmetrdən çox olub, - SOCAR - ın məlumatında bildirilir.
Oktyabrda "Azərenerji"yə 433,8 mln. kubmetr təbii qaz verilib. 2007-ci ilin müvafiq ayı ərzində bu rəqəm təxminən 412,5 mln. kubmetr olub.
Proqnoza əsasən, bu il "Azərenerji" 5,6 mlrd. kubmetr qaz alacaq.
Ötən ilin aprelində ölkədə dövlət idarələri arasında qaz əməliyyatları üzrə qarşılıqlı hesablama sxemi dəyişidirilib. Azərbaycanın Dövlət Neft Şirkəti şəxsi qazını "Azərenerji" SC - yə satır. Əvvəllər SOCAR bu əməliyyatı "Azəriqaz" vasitəsilə həyata keçirirdi.
Dövlət Neft Şirkəti qazs "Azəriqaz" SC-yə 1 min kubmetrinə görə 42 manat qiymətlə satırdı. Öz növbəsində, SC qazı elektrik enerjisi istehsalı üçün "Azərenerji"yə satırdı.
"Azərenerji"nin "Azəriqaz"ın tədarük etdiyi qaza görə ödənişi aşağı səviyyədə olduğundan, sonuncunun alınmış yanacağa görə SOCAR qarşısında borcu yaranırdı. Hazırda "Azəriqaz" qazı yalnız elektrik stansiyalarına nəql edir.