...

"Nabukko" qaz kəmərinin tikintisi Aİ və Türkiyənin mövqelərinin yaxınlaşmasını tələb edir

Energetika Materials 26 Yanvar 2009 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar/ Trend , müxbir B.Həsənov/ Avropa İttifaqı (Aİ) Avropanın enerji təhlükəsizliyinin artırılması və enerji tədarükü mənbələrinin diversifikasiyasını nəzərdə tutan "Nabukko"qaz kəmərinin tikintisi layihəsinin reallaşdırılması zamanı Türkiyənin maraqlarını nəzərə almaq məcburiyyətində qalacaq.

"Avropa İttifaqı "Nabukko" qaz kəmərinin tikmək istəyirsə, o, Türkiyənin enerji təhlükəsizliyi problemlərini, həmçinin bu ölkəyə qarşı siyasi fikir ayrılıqlarını həll etməlidir", - deyə Trend -a Stokholmdan telefonla  "Orta Asiya-Qafqaz" İnstitutunun direktoru, Türkiyə üzrə Avropa eksperti Svante Kornel (Svante Cornell) bildirib.

Türkiyə KİV-nin verdiyi məlumata görə, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Brüsselə səfəri zamanı bildirib ki, Aİ Türkiyə ilə danışıqlarda enerji məsələlərini müzakirələrə çıxarmasa, Türkiyə "Nabukko" qaz kəməri ilə bağlı mövqeyini yenidən nəzərdən keçirəcək.

Türkiyə ilə Aİ arasında əməkdaşlıq 1964-cü ildə imzalanmış Ankara sazişi ilə başlanıb. Aİ bəyan edib ki,  2002-ci ildə müəyyən olunan Kopenhagen meyarları Türkiyənin Avropa İttifaqına üzvülük məsələsində əsasdır.  Bu tarixdən başlayaraq, Türkiyə tərəfi bu meyarlara uyğun ciddi hüquqi, siyasi və iqtisadi islahatlar həyata keçirib.

Tərəflər 2005-ci ildən Türkiyənin Aİ-yə daxil olması üzrə rəsmi danışıqlara başlayıb. Danışıqlar prosesində bu günə qədər Aİ 35 fəsildən 10 fəslin Türkiyə ilə müzakirəsinə razılıq verib. Tərəflər Kipr Yunan Respublikasının yaratdığı məneələr sbəbindən enerji məsələləlirinn müzakirəsinə hələ başlaya bilməyib. Enerji fəslinin əsas məqamlarından biri "Nabukko" layihəsinin həyata keçirilməsində texniki və hüquqi məsələlərin həllinin sadələşdirilməsidir.

Türkiyəli ekspert Hasan Selim Özertem hesab edir ki, Türkiyə "Nabukko" layihəsinin həyata keçirilməsində əsas ölkələrdən biri olduğuna görə, bu mövqeyindən Aİ ilə danışıqlar prosesində istifadə edərək, Kipr Yunan Respublikasının törətdiyi maneələri dəf etməyə çalışır. "Belə bir açıqlamanın Türkiyənin Baş naziri səviyyəsində verilməsi Aİ-də Türkiyənin qarşısına çıxarılan maneələrin nə qədər ciddi olduğunu göstərir", - deyə USAK Strateji Araşdırmlar Mərkəzinin tədqiqatçısı Özertem şənbə günü telefonla Ankaradan Trend -a bildirib.

Kornel hesab edir ki, Türkiyənin bu mövqeyi "Nabukko" layihəsinin həyata keçirilməsində ciddi problemlər yarada bilər. Ekspert bildirib ki, Avropa Türkiyənin ciddiliyini qəbul etməli və bu məsələdə Ankaranın maraqlarına lazımi qədər əhəmiyyət verməlidir. Onun fikrincə, Avropa Türkiyənin enerji təhlükəsizliyinin təmin edilməsinə ciddi yanaşmalıdır.

"Rusiya qazından asılı olan Ankara "Nabukko"da tranzit ölkə olduqdan sonra Moskva bu ölkəyə verdiyi qazı azaltsa, Türkiyə çətin bir problemlə qarşı-qarşıya qalacaq. Ona görə də elə bir həll yolu tapmaq lazımdır ki,  həm Türkiyə tranzit ölkə ola bilsin, həm də bu ölkənin enerji təhlükəsizliyi təmin edilsin", - deyə Kornel bildirib.

Türkiyənin BOTAS şirkətinin məlumatına görə, Türkiyə 2009-cu ildə müxtəlif ölkələrdən 49,94 mlrd. kubmetr qaz idxal edəcək.  Türkiyə idxalında Rusiya qazının xüsusi çəkisi 56 faiz təşkil edəcək. Türkiyə bu il Rusiyadan 28 mlrd. kubmetr, Azərbaycandan 6,6 mlrd. kubmetr, Əlcəzairdən 4,444 mlrd. kubmetr, Nigeriyadan 1,338 mlrd. kubmetr, İrandan isə 9,556 mlrd. kubmetr qaz alacaq.

Türkiyəli keçmiş diplomat və EDAM Araşdırmalar Mərkəzinin direktoru Sinan Ülgen hesab edir ki, Ərdoğanın Brüsseldə "Nabukko" ilə bağlı söylədiyi fikirlər Türkiyənin rəsmi mövqeyini nümayiş etdirmir. Onun fikrincə, bir gün sonra Ərdoğanın "Nabukko"ya qarşı olmadıqlarını bildirməsi buna sübutdur.  Bununla yanaşı, ekspert Aİ-nin enerji fəslini Türkiyənin müzakirəyə çıxartması ilə "Nabukko" layihəsinin reallaşması arasında əlaqə olduğunu düşünür.

"Enerji fəslinin müzakirəsi tərəflər arasında "Nabukko" layihəsi ilə bağlı mövcud olan və müştərək iradənin nümayiş etdirilməsinə mane olan problemlərin aradan qaldırılmasına kömək edəcək", - deyə Ülgener şənbə günü elektron poçtla İstanbuldan Trend -a bildirib.

Yanvarın 26-27-də Macarıstanda "Nabukko" layihəsi ilə bağlı təşkil olunacaq enerji toplantısında Ankara əvvəlcədən nəzərdə tutulduğu kimi, Baş nazir səviyyəsində yox, enerji naziri səviyyəsində təmsil olunacaq. 

"Nabukko" boru kəməri ilə qazın Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə nəqli nəzərdə tutulur. Qaz kəmərinin tikintisi 2010-cu ilə təyin edilib. Boru kmərinin maksimal nəql gücü ildə 31 mlrd. kubmetr təşkil edəcək.

Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16 ,67 faiz paya malikdir.

Aİ-yə sədrlik edən Çexiyanın təklifinə görə, yanvarın 26-27-də Budapeştdə "Nabukko" layihəsinin perspektivlərinə həsr olunacaq sammit keçiriləcək. Sammitdə layihənin səhmdar ölkələrinin nümayəndələri, Azərbaycan, Qazaxıstan, Türkmənistan, İraq və Misirin, həmçinin tranzit ölkə qismində çıxış edəcək Gürcüstanın nümayəndə heyətləri iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti