...

SOCAR "Azəri-Çıraq-Günəşli" yataqları blokunda sərbəst qaz ehtiyatlarının həcmini açıqlayıb

Energetika Materials 27 Aprel 2009 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel / Trend , müxbir E.İsmayılov, A.Bədəlova /

"Azəri-Çıraq-Günəşli" (AÇQ)  yataqları blokunun dərin qatında yerləşən sərbəst qaz ehtiyatları təqribən 250-300 milyard kubmetr civarında dəyərləndirilir. Bu haqda Bakıda keçirilən III Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib. 

"Hazırda qazın hasilatı üzrə müqavilə bağlamaq üçün danışıqlar aparılır. BP qazın çıxarılmasında iştirak etmək istəyir, biz əleyhinə deyilik. Lakin digər şirkətlərin cəlb edilməsi də mümkündür", - Yusifzadə qeyd edib.

SOCAR-ın birinci vitse-prezidentinin sözlərinə görə, hazırda kommersiya məsələlərinin müzakirəsi aparılır və hər şey hansı təklifin daha sərfəli olacağından asılıdır.

SOCAR sözügedən yataqlar üzrə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) tərəfdaşlarına təqdim edəcəyi qaz hasilatı proqramı üzrə təklif hazırlayır. SOCAR-ın "AÇQ" üzrə tərəfdaşları təklifi qəbul etməsələr, şirkət layihənin gerçəkləşməsi üçün digər iştirakçıları cəlb edə bilər.

1994-cü ildə Azərbaycanla imzalanmış razılaşmaya əsasən, BP və "AÇQ" üzrə tərəfdaşları "Fasilə" lay dəstəsinədək neft üfüqləri işləmlərini apara bilərlər. Sənəddə qeyd olunub ki, aşağı üfüqlərin işlənməsi ayrı razılaşmanın mövzusudur.

Digər Azərbaycan dəniz yataqlarının bir-birinə bənzəməsinə əsaslanıb demək olar ki, "Fasilə" lay dəstəsinin ardından gələn yataqlar da səmərəli həcmə malikdir və karbohidrogen tərkiblidirlər. Azərbaycan geoloqlarının hesablamalarına görə, bunlar qaz və kondensat yataqlarıdır.

AÇG layihəsi üzrə tərəfdaşlar: BP (operator- 34,1%), ChevronTexaco (10, 2%), SOCAR (10%), İNPEX (10%), Statoil (8,6%), ExxonMobil (8 %), TRAO (6,8 %), Devon (5,6 %), ITOCHU (3,9 %), Hess (2,7%).

Tədbirin təşkilatçısı Britaniyanın Confidence Energy və Azərbaycan Dövlət Neft Akademiyasıdır. İnformasiya dəstəyi Trend -a məxsusdur.   

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti