...

Azərbaycan öz neftini Odessa-Brodı boru kəməri ilə tədarük etməyə hazırdır – Ukrayna Prezidenti

Energetika Materials 6 May 2009 16:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may / Trend /

Ukrayna Prezidenti Viktor Yuşşenko Odessa-Brodı neft kəməri bazasında Avro-Asiya Neft Nəqliyyatı Dəhlizinin (AANND) əməli reallaşdırılma məsələləri üzrə müşavirə keçirib. Bu barədə Ukrayna Prezidentinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Müşavirənin keçirilməsində əsas məqsəd AANND layihəsinin gələcəkdə səmərəli şəkildə Qərbə doğru genişləndirilməsi məsələsinin müzakirəsidir.

Dövlət başçısı Xəzər neftinin Avropa İttifaqı ölkələrinə alternativ tədarükünün təmin edilməsi kontekstində AANND layihəsinin reallaşdırılmasının son dərəcə mühüm olduğunu qeyd edir. Prezident inanır ki, bu, Ukraynanın neft emalı sahəsinin və daxili neft məhsulları bazarının real şəkildə yaxşılaşdırılmasına imkan yaradacaq. "Bundan əlavə qeyd etmək lazımdır ki, AANND layihəsinin reallaşdırılması Ukraynanın Xəzər neftinin Avropa İttifaqı ölkələrinə nəqlinin təmin edilməsi üzrə beynəlxalq öhdəliklərinin yerinə yetirməsində əsas məqamlardan biridir", - məlumatda bildirilir.  

Prezident həmçinin, Ukrayna hökumətindən Odessa-Brodı neft kəmərinin avers istifadə rejiminə keçirilməsi haqqında təcili qərar qəbul etməyi tələb edib. "Mən bu məsələdə hökumətin hansı gizli siyasi məqsədlərinin olduğunu başa düşürəm və belə qərarların qarşısını almaq lazımdır, lakin mən bu gün sağlam düşüncəyə və milli maraqlara müraciət edirəm. İnanıram ki, hökumətin müvafiq qərar qəbul etməyə ağlı və cəsarəti çatacaq", - deyə dövlət başçısı bildirib.

Yuşşenko bu konteksdə 2009-cu il aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan tərəfinin Ukrayna və Avropa bazarlarının ehtiyacları üçün Xəzər neftinin tədarükünü həyata keçirməyə, o cümlədən neft kəmərinin avers rejimdə buraxılması üzrə texniki tələbatlar üçün neft tədarük etməyə hazır olmasına dair bəyanatını qeyd edib.

Ukrayna Prezidenti xatırladıb ki, 2009-cu il aprelin 24-də Varşavada "Sarmatiya" beştərəfli beynəlxalq neft-nəqliyyat müəssisəsinin səhmdarlarının ümumi toplantısında AANND-nin texniki-iqtisadi əsaslandırılması (TİƏ) təsdiq edilib. Onun sözlərinə görə, TİƏ layihənin perspektivliliyini və kommersiya cəhətdən sərfəli olduğunu təsdiq etdib və onun bütün maraqlı tərəflərin - Xəzər nefti tədarükçülərinin, tranzitçilərinin və istehsalçılarının maraqlarını nəzərə aldığını sübut etdi. "TİƏ-nin kifayət edəcək həcmdə neftin olmasını təsdiq etdiyini qeyd etmək vacibdir", - deyə Yuşşenko bildirib.

O, əlavə edib ki, TİƏ-nin nəticəsinə görə, 2015-ci ilədək Xəzər regionunda neft hasilatı ildə 100 mln. tonadək artmalı, 2025-ci ilədək olan dövrdə isə ildə 150 mln. tona çatmalıdır. Bu halda, AANND marşrutunda Xəzər dənizindən olan yüngül neftə tələbat ildə 30 mln. tondan çox təşkil edəcək.

Ukrayna Prezidenti qeyd edib ki, AANND-nin texniki-iqtisadi əsaslandırılması bu layihənin üç istiqamətdə - qərb, şimal və şərq üzrə bir neçə mərhələdə reallaşdırılmasının iqtisadi məqsədəuyğunluğunu, texniki imkanlarını, kommersiya və sərmayə yatırımı cəhətdən cəlbediciliyini təsdiq edir. İlkin mərhələdə ildə 5 mln. tondan 10 mln. tonadək Xəzər neftinin əhəmiyyətli əlavə kapital yatırımları olmadan Ukrayna, Avstriya və Polşa neft emalı zavodlarına nəqli nəzərdə tutulur.

Layihənin ikinci və üçüncü mərhələləri neft nəqli həcmlərinin mərhələli şəkildə, ümumilikdə ildə 20, 30, və 40 mln. tondan daha artıq həcmlərədək artırılması üçün AANND-nin bütün marşrutlarında tədricən yeni infrastruktur elementlərinin tikintisini nəzərdə tutur. Bu mərhələdə sərmayələrin həcmi tranzit gücü və tələbatdan asılı olaraq 2 mlrd. dollardan 8 mlrd. dollaradək təşkil edəcək.

Yuşşenko qeyd edib ki, AANND-nin TİƏ-si Avropa Komissiyasının iclaslarından birində təqdim olunmalıdır. Prezidentin sözlərinə görə, belə bir təqdimatın tarixinin müəyyən edilməsi üçün, o cümlədən Avropa Komissiyasının sədri ilə mayın 7-də dialoq başlanmalıdır.

Xəbər lenti

Xəbər lenti