...

Azərbaycanın qaz anbarları genişləndiriləcək - İlham Əliyev

Energetika Materials 23 İyul 2009 14:06 (UTC +04:00)
"Azərbaycan yeraltı qaz anbarlarının tutum həcmini 3-5 milyard kubmetrə qədər genişləndirməlidir", - Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları üzrə iclasında deyib. İclas dövlət başçısının sədrliyi altında keçirilib, AzərTAc dövlət informasiya agentliyi məlumat verib.

Azərbaycan, Bakı, 23 iyul / Trend /

"Azərbaycan yeraltı qaz anbarlarının tutum həcmini 3-5 milyard kubmetrə qədər genişləndirməlidir", - Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları üzrə iclasında deyib. İclas dövlət başçısının sədrliyi altında keçirilib, AzərTAc dövlət informasiya agentliyi məlumat verib.

"Belə olan halda Azərbaycan, qaz ixracatçısı kimi öz əhəmiyyətini artıracaq", - İlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, bütün müvafiq göstərişlər verilib və Dövlət Neft Şirkəti bu işlərlə məşğuldur. Yaxın zamanlarda bu işlər başlanacaq və tezliklə başa çatacaq.

Azərbaycan Prezidenti bildirib ki, eyni zamanda, Azərbaycanda mövcud olan qaz anbarlarının genişləndirilməsi üçün əlavə tədbirlər görülməlidir. "Son illər ərzində müəyyən işlər görülüb, bu gün bizim yeraltı qaz anbarlarımızın tutumu bir milyard, bir milyard yarım kubmetr həcmindədir. Bu, bizə imkan verir ki, yay aylarında kifayət qədər ehtiyat yaradaq", - Prezident deyib.

Hazırda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Qaradağ qaz anbarının həcminin aktiv genişləndirilməsi üzrə birinci mərhələ işlərini aparır. Anbarın yenidən qurulmasının iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulub. İlk mərhələ onun aktiv həcminin hazırkı 0,5 milyard kubmetrdən 1,4 milyard kubmetrə qədər artırılmasını nəzərdə tutur.

Bir müddət əvvəl şirkətin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib ki, birinci mərhələnin işinin 2010-cu il qaz vurulması mövsümünün əvvəlində (mart-aprel) başa çatdırılması planlaşdırılır.

İkinci mərhələ çərçivəsində anbarın fəal həcminin 2,3 milyard kubmetrə qədər artırılması planlaşdırılır.

ARDNŞ-nin "Neftqaztikinti" institutunun hazırladığı texniki-iqtisadi əsaslandırmaya əsasən, Qaradağ qaz anbarının fəal tutum həcminin artırılmasının dəyəri 75 milyon manat təşkil edir.

Ümumilikdə Azərbaycanda iki qaz anbarı var və onlardan ikincisi "Kəlməz"dir. Onun fəal gücü 1,1 milyard kubmetr təşkil edir.

"Əhalinin keyfiyyətli qazla təmin edilməsi üçün əlavə tədbirlər görülməlidir. Bütün ölkədə smartkart tipli sayğaclar quraşdırılmalıdır. Artıq Gəncə şəhərində gözəl təcrübə var. Gəncədə yaradılmış zavod həmin sayğacları istehsal edir. Əhali də bunu çox alqışlayır. Çünki burada nəzarətçi ilə istehlakçı arasında lazımsız ünsiyyət kəsilir. Hamımız yaxşı bilirik ki, bəzən xoşagəlməz halların yaranmasına məhz bu ünsiyyət səbəb olur. Ona görə smartkart çox sadə bir üsuldur, müasir bir yanaşmadır. Hər vətəndaş müəyyən pul ödəyib kart alır, kartı sayğaca salır, ondan sonra qazdan istifadə edir, limit bitəndən sonra yenidən pul köçürür. Çox gözəl sistemdir. Çalışmalıyıq ki, ölkəmizin hər bir yerində bu tipli sayğaclar quraşdırılsın", - İlham Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti