Azərbaycan, Bakı, 31 avqust / Trend , müxbir A.Bədəlova /
Beynəlxalq Maliyyə Qrupu UniCredit Group-un tərkibinə daxil olan Unicredit Securities investisiya şirkətinin analitiki Pavel Sorokin hesab edir ki, Türkmənistanın Xəzərdə hərbi-dəniz bazası yaratmaq niyyəti ölkənin öz mövqeyini möhkəmlətmək istəməsi ilə bağlıdır.
"Türkmənistan Prezidentinin bəyanatında gözlənilməz və pis bir şey yoxdur. Hər bir ölkə öz mövqeyini gücləndirmək hüququna malikdir" - bazar ertəsi Trend -a telefonla Sorokin bildirib.
Ötən həftə Türkmənistan Dövlət Təhlükəsizlik Şurasının geniş iclasında Prezident Qurbanqulı Berdımuhəmmədov bildirib ki, ölkə qısa müddət ərzində Xəzərdə Müdafiə Nazirliyi və Sərhəd Xidmətinin hərbi-dəniz bazasını yaradacaq, RİA Novosti xəbər verir.
Berdımuhəmmədov hərbi və hüquq-mühafizə nazirlikləri və idarələrinə "qaçaqmalçılar, terrorçular və Türkmənistanın dövlət dəniz sərhədini pozmağa çalışan və ya orada qeyri-stabil vəziyyəti yaratmaq istəyən digər qüvvələrə qarşı səmərəli mübarizə aparmağı" tapşırıb.
"Türkmənistanın Xəzərdə iddia edə biləcəyi öz payı var və şübhəsiz ki, ölkə öz mövqeyini gücləndirməyə çalışır", - Sorokin bildirib.
Onun sözlərinə əsasən, bu addım dövlətin adi fəaliyyəti çərçivəsindən çıxmır. "Rusiya və İran da daxi olmaqla, bütün Xəzəryanı ölkələrin öz sərhəd xidmətləri var", - Sorokin bildirib.
"Ölkənin Xəzərin gələcək statusu ilə razılaşmaması və ya status məsələsi həll olunana qədər hər hansı bir addım atacağı barədə heç bir bəyanat olmayıb", - o əlavə edib.
Uzunsürən müzakirələrə baxmayaraq, Xəzərin statusu hələ də müəyyənləşdirilməyib. Xəzərin dibinin bölüşdürülməsi məsələsində Azərbaycan, Rusiya və Qazaxıstanın bir-birinə qarşı heç bir tələbi yoxdur. Bu ölkələr arasında sözügedən məsələ üzrə həm ikitərəfli, həm də üçtərəfli müqavilələr var. Tərəflər həmçinin bölücü xətlərin koordinatlarının müəyyənləşməsi üzrə də həmfikirdirlər. Məsələ yalnız Türkmənistan və İran tərəfi ilə razılaşdırılmayıb.
Azərbaycan Xəzər dövlətlərindən ilk olaraq dünyada ən böyük gölün sərhədlərinin bölünməsinə və öz müstəqilliyinin hüdudlarının müəyyənləşdirilməsinə başlayıb. Məhz Azərbaycan Respublikası ilk dəfə Xəzər dənizində öz sektorunun mövcudluğunu elan edib və 1994-cü il 20 sentyabrda qərb şirkətləri ilə PSA (production sharing agreement) - məhsul bölgüsü barədə müqavilə modeli üzrə beynəlxalq müqavilə ("Əsrin müqaviləsi") imzalamaqla bunu təsbit edib. Bu öz əksini 1995-ci ildə Azərbaycanın Əsas qanununda tapıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]