Azərbaycan, Bakı, 06 oktyabr / Trend /
Türkiyənin "Cihan" informasiya agentliyinin verdiyi məlumata görə, ARDNŞ-nin də şərik olduğu böyük türk neft-kimya kompleksi "Petkim" 240 nəfər yeni işçini işə qəbul edib.
Neft-kimya kompleksinin rəhbəri Kənan Yavuzun sözlərinə görə, həmin 240 nəfər 90 gün ərzində keçirilən xüsusi kurslarda uğurla iştirak etdikdən sonra işə götürülüblər. Həmçinin 200 nəfərdən ibarət yeni işçi qrupunun da işə götürülməsi planlaşdırılır. Bu işçi qrupu da xüsusi hazırlıq kursları keçəcək. İşə götürülməsi nəzərdə tutulan işçilərin böyük hissəsini mühəndislər təşkil edəcək.
"Bu layihə çox vacibdir. Çünki biz insan faktorunu yüksək qiymətləndiririk", - Yavuz deyib.
Daha əvvəl ARDNŞ və Turcas Petrol/Injaz Projects tenderdə qalib gəliblər və 2,04 milyard dollar ödəməklə "Petkim" kimya konserninin səhmlərinin 51 faizinə sahib olublar. Hazırda Türkiyə 70-75 faiz kimyəvi məhsullar idxal edir. ARDNŞ və Turcas Petrol/Injaz Projects-in "Petkim"də olan
investisiyası məhsul idxalını 30 faizə salmağa imkan yaradır.
Petkim Petrokimya Holding plastik qablaşdırmalar, parça, yuyucu vasitələri istehsal etməklə Türkiyənin bu növdə məhsul istehsal edən yeganə şirkətidir və istehsal etdiyi məhsulun dörddə bir hissəsini ixrac edir.