Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir A. Bədəlova/
Azərbaycan Türkiyəni qaz vasitəsilə cəzalandırmaq istəmir. Bu barədə ARDNŞ-nin investisiya və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Bakıda "Cənubi Qafqazda təhlükəsizliyə maneələr: reallıqlar və regional inkişafın perspektivləri" mövzusunda keçirilən Beynəlxalq konfransda deyib.
"Azərbaycan və Türkiyə arasındakı əlaqələr müəyyən sınaq dövrü yaşayır. Lakin Azərbaycanda heç kim Türkiyəni qaz vasitəsilə cəzalandırmaq istəmir", - Nəsirov deyib. Onun sözlərinə görə, Türkiyə ilə əməkdaşlıq üçün heç bir məhdudiyyət yoxdur.
"Biz Türkiyəyə qaz veririk. Əgər Türkiyə üzərindən tranzit maksimal qazancı təmin edəcəksə, o zaman bizim qazımız Aİ ölkələrinə bu marşrutla gedəcək. Əgər qazanc təmin edilməsə, başqa variantlar da var", - Nəsirov deyib.
ARDNŞ-nin vitse-prezidenti bildirib ki, Azərbaycan öz qazının şərq istiqamətində, xüsusilə də Çin, Rusiya və İran istiqamətində ixracı barədə fikirləşir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]