Türkmənistan, Aşqabad, 04 fevral / Trend , müxbir H.Həsənov/
Fransanın Schneider Electric şirkəti Belçikanın Enex şirkəti ilə konsorsium çərçivəsində 600 min nəfər əhalisi olan Aşqabad şəhərinin enerji təminatının həyata keçirilməsinə dair Türkmənistan hökuməti ilə müqavilə imzalayıb. Bu barədə şirkətin press-relizində deyilir.
Müqavilə fevralın 1-3-də Parsidə rəsmi səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qəbul etmiş Fransa Baş nazirinin iqamətgahında imzalanıb.
Məlumatda deyilir ki, layihə 2008-ci ilin sentyabrında Türkmənistanın xahişi ilə Belçika podratçısı - ENEX Process Engineering şirkəti ilə tərəfdaşlıqda irəli sürülüb.
Layihənin məqsədi enerji sistemlərinin keyfiyyətini və möhkəmliyini yaxşılaşdırmaq və Aşqabadın dinamik inkişafı nəticəsində enerji istehlakının artımına cavab verməkdir.
Schneider Electric şirkəti mühəndis araşdırmaları aparır, avadanlıqlar yerləşdirir və paytaxtın energetika sxeminin müasirləşdirilməsi prosesinə nəzarəti təmin edir.
Layihənin reallaşdırılması üç mərhələdə və 2017-ci ilə qədər nəzərdə tutulub.