Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir V.Şərifov/
"Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsinin reallaşmağa başlaması 2016-2017-ci illərdə nəzərdə tutulub ki, bu da planlaşdırılan boru kəməri layihələrindən biri - "Nabukko", Transadriatik boru kəməri (TAP) və ITGI üzrə investisiya qərarlarının qəbulundan asılıdır. Bunu Trend-ə ARDNŞ-nin vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.
"Nabukko", TAP və ITGI-nin səhmdarları qaz idxalı regionları, boru kəmərlərinin gücü və satış bazarlarını müəyyən ediblər. Lakin Aİ-yə qaz nəqli mənbələrinin diversifikasiyasını nəzərdə tutan bu boru kəmərlərinin inşasının maliyyələşdirilməsi ilə bağlı məsələ hələlik həll olunmayıb. Sözügedən Avropa layihələrinin bəzi iştirakçıları ümid edirlər ki, investisiya qərarları 2010-cu ilin sonunadək qəbul olunacaq.
"Nabukko", TAP və ya ITGI üzrə investisiya qərarları qəbul olunan kimi ARDNŞ həmin layihələrin səhmdarları ilə danışıqlara başlayacaq", - "Şahdəniz" layihəsinin səhmdarı olan ARDNŞ-nin vitse-prezidentinin müavini bildirib.
Avropalı tərəfdaşlar "Nabukko" boru kəmərinin inşasına Gürcüstan-Türkiyə sərhədindən, TAP və ITGI üzrə səhmdarlar isə Türkiyə-Yunanıstan sərhədindən başlanmasını planlaşdırırlar ki, bu da öz növbəsində qazın Azərbaycan və Türkiyə arasında tranzitinə dair razılaşma tələb edir.
"Hazırkı mərhələdə Türkiyə ilə sazişin olmaması "Şahdəniz" yatağından qazın TAP və ITGI kimi boru kəmərlərinə çatdırılmasına imkan vermir, ona görə ki, onlar Türkiyə-Yunanıstan sərhədində başlayırlar. Qazın Türkiyə ərazisi ilə nəqli lazım gələcək ki, bu da həmin ölkə ilə nəqliyyat sazişinin olmaması səbəbindən çətinləşib. Lakin biz yaxın vaxtlarda Türkiyə ilə nəqliyyat sazişinin əldə olunacağına ümid edirik", - Bəylərbəyov deyib.
Hər zaman ixrac marşrutlarının çoxvektorluluğuna tərəfdar olan Azərbaycan Türkiyə ilə nəqliyyat sazişinin olmadığı və Avropa boru kəməri layihələrinin hazır olmadığı şəraitdə öz qazının nəqli üçün alternativ variantları nəzərdən keçirir.
"Biz Rumıniyaya LNG və Bolqarıstana CNG ixracı üzrə terminalların tikintisi daxil olmaqla, qaz ixracının alternativ marşrutları üzərində işləyirik. Həmçinin "Ağ axın" qaz kəməri layihəsi də istisna olunmur, qazın İrana və Rusiyaya ixracının artırılması məsələsi öyrənilir", - Bəylərbəyov deyib.
İşlənilən "Şahdəniz" yatağı dünyada ən iri layihələrdən biridir, lakin Azərbaycan qaz ixracının artırılmasında "Abşeron", "Naxçıvan", "Bahar", "Ümid-Babək" kimi dəniz meydanlarına, "Azəri-Çıraq-Günəşli" neft yatağının dərinliyində yerləşən qaza ümid edir.
"Qazın ixracı üçün nəqliyyat məsələlərinin tezliklə həllində Azərbaycan hamıdan çox maraqlıdır. Biz hər rüb "Mərhələ-2" layihəsinin starta hazır vəziyyətdə saxlanması üçün səkkiz sıfırlı vəsait sərf edirik", - ARDNŞ-nin nümayəndəsi deyib.
Lakin "Mərhələ-2"nin işlənməyə hazır vəziyyətdə saxlanması üçün xeyli vəsaitin sərf olunması ilə yanaşı, layihə üzrə tərəfdaşlar mənfəət itkisi ilə də üzləşirlər.
"Biz əvvəllər "Mərhələ-2"yə 2014-cü ildə başlanmasını planlaşdırmışdıq. Ancaq bu gün 2016-2017-ci illərdən danışırıq. Yəni, iki ildə biz qazı sataraq pul vəsaiti ala bilərdik", - Bəylərbəyov bildirib.
Mərhələ-2"nin reallaşmağa başlaması həm Azərbaycanda, həm də digər dövlətlərdə minlərlə iş yerinin açılmasına imkan verəcək.
"Biz "Şahdəniz" layihəsində "Mərhələ-2"-nin həyata keçirilməsini təxirə salmırıq. Biz nəqliyyat məsələlərinin həllindən tutmuş qazın yataqdan bilavasitə ixracına kimi, layihənin reallaşması üçün bizə lazım olan vaxtı hesablayırıq", - ARDNŞ-nin vitse-prezidentinin müavini bildirib.
"Şahdəniz"in işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. PSA tipli müqavilənin iştirakçıları aşağıdakılardır: BP (25,5%), Statoil (25,5%), ARDNŞ (10%), LUKoyl (10%), NICO (10%), Total (10%) və TPAO (9%). Layihənin hazırkı - birinci mərhələsində qaz Gürcüstana və Türkiyəyə ixrac olunur. Qazın alıcısı həm də Azərbaycandır. Qaz Cənubi Qafqaz boru kəməri ilə (SCP) ixrac olunur.