...

İranın benzin istehsalını artıracağı barədə bəyanatı təbliğat xarakteri daşıyır – ekspertlər

Energetika Materials 3 Avqust 2010 13:15 (UTC +04:00)
Tehranın ölkədə benzin istehsalı həcmlərinin artırılması və yanacağa olan daxili tələbatın müstəqil təmin olunmasının mümkünlüyü haqqında son bəyanatı təbliğat xarakteri daşıyır, - ekspertlər bu qənaətdədirlər.
İranın benzin istehsalını artıracağı barədə bəyanatı təbliğat xarakteri daşıyır – ekspertlər

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir T.Konyayeva /

Tehranın ölkədə benzin istehsalı həcmlərinin artırılması və yanacağa olan daxili tələbatın müstəqil təmin olunmasının mümkünlüyü haqqında son bəyanatı təbliğat xarakteri daşıyır, - ekspertlər bu qənaətdədirlər.

"İranın neft nazirinin son bəyanatı və onun ardınca İran Prezidentinin bu məsələ ilə bağlı ona iradları təbliğat xarakteri daşıyır". Qlazko Universitetinin professoru, iranmənşəli britaniyalı analitik Rza Tağızadə telefonla Trend-ə bildirib. - "Belə qərar qısa müddətdə çətin vəziyyətdən çıxmaq kimi qəbul edilə bilər, lakin benzin istehlakçılarını yanacağın bu növünün keyfiyyəti qane etməyəcək".

İranın neft naziri Məsud Mirkazımi çərşənbə günü bildirib ki, benzin istehsalı həcmlərini sutkada 170 milyon litrə çatdırmaqla İİR dörd ildən sonra nəinki benzin idxalından imtina edəcək, hətta onu başqa ölkələrə də ixrac etməyə başlayacaq.

O əlavə edib ki, lazım gələrsə, İranın neft emalı zavodları fövqəladə vəziyyətlərdə benzin istehsalını sutkada əlavə 15 milyon litrə qədər istehsal etməyə qadirdirlər.

Tağızadənin sözlərinə görə, İranda neft emalı zavodlarının tikintisində maliyyə çətinlikləri mövcuddur. Həmçinin, mövcud müəssisələrin ehtiyat avadanlıq hissələri ilə təmin olunmasında da problemlər var.

"Neft emalı zavodlarının modernləşdirilmə prosesi ləng həyata keçirilir", - o deyib. - "Hazırkı şəraitdə İran dörd il ərzində lazımi miqdarda benzin istehsal edə bilməyəcək".

Bu gün İran NEZ-i sutkada 44,7 milyon litr benzin istehsal edir. Bunlar - Bəndər-Abbasdakı (ölkədə istehsal olunan benzinin cəmi 21 faizi), Abadandakı (20,2 faiz), İsfahandakı (18,2 faiz), Tehran NEZ (15 faiz), Arakdakı (10,4 faiz), Təbrizdəki (6,2 faiz), Şirazdakı (3,8 faiz), Lavandakı (2,4 faiz) və Kirmanşahdakı (1,7 faiz) NEZ-lərdir.

Hazırda İranda benzinə sutka ərzində tələbat, orta hesabla, 65 milyon litrə yaxın təşkil edir. Yerli müəssisələrin sutkada 44 milyon litrdən artıq benzin istehsal etdiklərini nəzərə almaqla, İran sutka ərzində xaricdən (əsasən, Avropa ölkələrindən) 21 milyon litrə yaxın benzin idxal etməyə məcburdur. İran dünyada beşinci ən iri xam neft ixracatçısı olsa da, o hələ də benzinin 40 faizini idxal etməyə məcburdur. Bu məhsul ölkədə idxal olunan malların siyahısına başçılıq edir.

Tağızadə hesab edir ki, müxtəlif növ neft məhsullarını qarışdırmaq və neft-kimya potensialından istifadə etməklə avtomobil mühərrikləri və məişət ehtiyacları üçün yanacaq əldə etmək mümkündür.

"Lakin yanacağın bu növü həm ətraf mühitə, həm də avtomobillərə ziyan vura bilər", - o deyib.

Tağızadə ehtimal edir ki, İranın idxal etdiyi həcmdə benzin istehsal etmək üçün ölkənin digər neft məhsullarının qarışığıından istifadə etməsi vacibdir ki, bu da daxili bazarda dizel yanacağının və digər neft məhsullarının qıtlığına səbəb ola bilər.

"Əgər bu proses həyata keçirilsə və benzin əldə olunsa, dizel yanacağı da daxil olmaqla, digər neft məhsullarının çatışmazlığı meydana çıxacaq", - o deyib.

Tağızadənin fikirlərinin əksinə olaraq, Londondan energetika məsələləri üzrə məsləhətçi Mehdi Varzi hesab edir ki, İran benzin istehsalını və onun qiymətini artıra bilərsə, üç ildən sonra iqtisadi baxımdan müstəqil (benzin idxalından) ola bilər.

İndiki məqamda İranda bu ölkəyə qarşı beynəlxalq sanksiyaların sərtləşdirilməsi fonunda Avropa ölkələrindən benzinin alınması ilə bağlı vəziyyətlə əlaqədar narahatlıq artır.

İyunun 9-da BMT Təhlükəsizlik Şurası ABŞ-ın təklif etdiyi İrana qarşı yeni beynəlxalq sanksiyaların tətbiqi haqda qətnamə qəbul edib. Daha sonra ABŞ administrasiyası İslam Respublikasına münasibətdə birtərəfli əlavə sanksiyalar tətbiq edib; iyulun 26-da isə Aİ-nin xarici işlər nazirləri İran əleyhinə birtərəfli sanksiyalar paketini təsdiqləyiblər ki, onların arasında benzin ixracının azaldılması barədə qərar da var.

Fransanın "Total" neft-qaz qrupu ABŞ-ın bu ölkəyə qarşı birtərəfli sanksiyalar tətbiq etməsindən sonra, İrana neft məhsullarının, eləcə də benzinin satışını dayandıran sonuncu Qərb şirkəti olub. Bundan əvvəl İrana benzin satışını İngiltərə-Hollandiya "Royal Dutch Shell PLC" konserni, "British Petroleum", Hollandiya-İsveçrə "Vitol Holding BV" və "Trafigura Beheer BV" treyderləri, İsveçrənin "Glencore International AG" xammal treyderi, eləcə də Rusiyanın "LUKoyl", Malayziyanın "Petroliam Nasional Bhd" (Petronas) dövlət şirkəti və Hindistanın "Reliance Industries" şirkəti dayandırıb.

Tağızadə bəzi Rusiya şirkətlərinin İrana benzin satışının mümkünlüyü ilə bağlı indi ixracın qeyri-mümkün olduğunu hesab edir.

Cümə günü İranın "Fars" agentliyi Moskva Ticarət-Sənaye Palatasının İran üzrə komissiyasının rəhbəri və Moskvadakı Müasir Uranın Öyrənilməsi Mərkəzinin başçısı Rəcəb Səfərova istinadən xəbər verib ki, avqustun sonunadək Rusiyanın üç şirkəti - "Qazpromneft", "Rosneft" və "Tatneft" İrana benzin idxalına başlayacaq.

Səfərovun sözlərinə görə, bu məsələ ilə bağlı danışıqlar artıq keçirilib və hazırda logistika, bank zəmanətləri və qiymət məsələləri müzakirə olunur.

"Səfərovun dediklərinin əksinə olaraq mən hesab edirəm ki, "Qazpromneft" İrana neft məhsullarının satışında maraqlı deyil, çünki o, bu yaxınlarda ABŞ-la müqavilə imzalayıb ki, bu da onun ABŞ bazarlarına meyilli olduğunu göstərir", - o deyib.

Bundan başqa, Tağızadənin sözlərinə görə, "belə yükləri sığortalamaq vacibdir, lakin bu, indiki məqamda sanksiyalar rejiminin qüvvədə olması üzündən, Rusiyanın İrana neft məhsullarının satışına ikinci maneədir.

Materialın hazırlanmasında T.Cəfərov iştirak edib.

Xəbər lenti

Xəbər lenti