Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir N.İsmayılova/
Azərbaycan qazının Rusiyaya ixracı başlandığı andan, Azərbaycanın ixracının ümumi həcmində yanacaq-enerji mallarının payı 18 faizə çatıb. Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin çərşənbə günü mətbuat konfransında bildirib.
"Azərbaycan qazının Rusiyaya ixracına başlanandan bəri, yanacaq-enerji mallarının ixracı xeyli artıb, onların xüsusi çəkisi isə 18 faizə çatıb", - Şedrin deyib.
Rusiya ilə Azərbaycan qazının alqı-satqısı barədə ortamüddətli müqavilə (müddətin uzadılması mümkünlüyü ilə) ARDNŞ ilə "Qazprom" arasında Bakıda oktyabrın 14-də imzalanıb. 2010-2014-cü illəri əhatə edən müqaviləyə görə, Azərbaycan tərəfi hər il Rusiyaya 500 milyon kubmetr həcmində qaz nəql edir. Müqavilədə qaz nəqlinin həcminin həddi göstərilməyib. ARDNŞ yarım il əvvəldən şirkətin nəql edə biləcəyi həcm barədə qarşı tərəfə xəbər verməlidir.
Azərbaycan qazının Rusiyaya nəqlinə bu ilin yanvarından başlanılıb. Bu il Rusiyaya bir milyard kubmetr Azərbaycan qazı ixrac ediləcək, gələn ildən isə bu göstərici iki milyard kubmetr təşkil etməlidir. ARDNŞ yanvar-iyul aylarında ortamüddətli müqavilə çərçivəsində Rusiyaya 494,6 milyon kubmetrdən artıq qaz ixrac edib.
ARDNŞ, həmçinin, şimal istiqamətində də "Bakı-Novorossiysk" boru kəməri ilə neft ixrac edir. 2009-cu ildə ARDNŞ bu kəmərlə 2,25 milyon tona yaxın neft ixrac edib.
ARDNŞ Novorossiysk vasitəsilə öz yataqlarından, eləcə də Azərbaycanın quru yataqlarında çalışan birgə müəssisə və əməliyyat şirkətlərinin hasil etdikləri neftin nəqlini həyata keçirir.
2008-ci ildə bu rəqəm 1,2 milyon ton olub. 2007-ci ildə bu marşrutla 1,2 milyon ton neft ixrac olunub ki, bu da 2006-cı ildəki göstərici ilə eynidir. 2005-ci ildə "Bakı-Novorossiysk" boru kəməri ilə ixrac 1,6 milyon ton təşkil edib.
Yanvar-iyulda ARDNŞ bu neft kəməri ilə 1,26 milyon tondan artıq neft ixrac edib. 2009-cu ilin analoji dövründə bu göstərici 1,5 milyon tona yaxın olub.