...

ABŞ Türkmənistanın apardığı enerji siyasətini yüksək qiymətləndirir – Riçard Morninqstar

Energetika Materials 22 Sentyabr 2010 16:42 (UTC +04:00)
ABŞ Türkmənistanın apardığı enerji siyasətini yüksək qiymətləndirir. Bu barədə Dövlət Departamentinin Avrasiya enerjisi məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar Prezident Qurbanqulu Berdiməhəmmədovla Nyu-Yorkda görüşü zamanı deyib.
ABŞ Türkmənistanın apardığı enerji siyasətini yüksək qiymətləndirir – Riçard Morninqstar

Türkmənistan, Aşqabad, 22 sentyabr /Trend, müxbir H.Həsənov/

ABŞ Türkmənistanın apardığı enerji siyasətini yüksək qiymətləndirir. Bu barədə Dövlət Departamentinin Avrasiya enerjisi məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar Prezident Qurbanqulu Berdiməhəmmədovla Nyu-Yorkda görüşü zamanı deyib. Məlumatı "Altın Asır" milli telekanalı yayıb.

Morninqstar ABŞ-ın işgüzar dairələrinin türkmən tərəfi ilə neft-qaz sahəsində məhsuldar əlaqələrin gücləndirilməsinə artan marağını təsdiq edib.

"Türkmənistan enerji dövləti olmaqla, özünün zəngin resurs potensialının həyata keçirilməsi üzrə dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinə səy göstərir ki, bu da türkmən enerjidaşıyıcıların dünya bazarlarına çıxarılması üçün çoxvariantlı alternativ marşrutlar şəbəkəsinin yaradılması, istilik enerji kompleksi infrastrukturu sahəsinin köklü modernləşdirilməsi üzrə planlara cavab verir", - Prezident qeyd edib.

Berdiməhəmmədov "ExxonMobil" və "ChevronTexaco" neft-qaz şirkətlərinin rəhbərləri ilə də görüşüb, birgə biznes forumunda iştirak edib və nitq söyləyib.

Onun sözlərinə görə, Türkmənistan ABŞ şirkətlərinin ölkənin iqtisadi inkişafında fəal iştirakını alqışlayır.

Bu tədbirdə "Chevron", "ExxonMobil", "John Deer", "Case", "Marathon Oil", "ConocoPhilips" və başqa şirkətlərin rəhbərləri iştirak edib. Onların çoxu Türkmənistan bazarının tikinti sənayesi, kənd təsərrüfatı, aviasiya nəqliyyatı və kommunikasiya sahələrində artıq yer tutublar.

ABŞ Türkmənistanda müasir texnikanın, o cümlədən kənd təsərrüfatı, tikinti, aviasiya texnikasının, eləcə də güclü qaz boru enerji qurğularının aparıcı tədarükçülərindən biridir.

Türkmənistanda istilik enerji kompleksinin modernləşdirilməsi və gələcək inkişafı üzrə həyata keçirilən proqramı, o cümlədən türkmən enerjidaşıyıcıların dünya bazarlarına tədarükünün diversifikasiyalaşdırılması, Xəzərin türkmən şelfinin zəngin karbohidrogen resurslarının genişmiqyaslı mənimsənilməsi nəzərə alınmaqla, ABŞ şirkətləri ilə neft-qaz sahəsində tərəfdaşlıq perspektivli görünür.

Xəbər lenti

Xəbər lenti