...

Azərbaycan iqtisadiyyatı - güclü dövlət nəzarəti olan tam bazar iqtisadiyyatıdır - Prezident İlham Əliyev (YENİLƏNİB) (FOTO)

Energetika Materials 15 Oktyabr 2010 09:34 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 14-də Mingəçevir şəhərinin "Günəşli" yaşayış massivinə çəkilən qaz xəttinin açılışında iştirak ediblər, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan iqtisadiyyatı - güclü dövlət nəzarəti olan tam bazar iqtisadiyyatıdır - Prezident İlham Əliyev (YENİLƏNİB) (FOTO)

RED: əlavəsi: Dövlət başçısının çıxışı əlavə olunub

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 14-də Mingəçevir şəhərinin "Günəşli" yaşayış massivinə çəkilən qaz xəttinin açılışında iştirak ediblər, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısına məlumat verən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirdi ki, "Günəşli" yaşayış massivinə qaz xəttinin çəkilişinə 2008-ci ilin ortalarından başlanmışdır. Magistral qaz xəttinin uzunluğu 7 290 paqonometrdir. Massivdaxili xətlərin uzunluğu isə 30 kilometr təşkil edir.

Bildirildi ki, "Günəşli" yaşayış massivində ümumilikdə 2 min ev vardır və onların hamısının "mavi yanacaq"la təmin olunması nəzərdə tutulur. Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi bütün evləri sayğacla təmin etmişdir.

Qeyd olundu ki, əgər 2009-cu ildə Mingəçevir şəhərində əhali kateqoriyasından olan yeni abunəçilərin sayı 680 idisə, 2010-cu ilin 9 ayında bu rəqəm 1655-ə çatmışdır. Bu ilin 9 ayında şəhər üzrə təbii qazdan istifadə edən əhali abunəçilərinin sayı isə 21 min 413 nəfər təşkil etmişdir.

Dövlətimizin başçısı "Günəşli" yaşayış massivinə təbii qazın verilməsini bildirən məşəli alovlandırdı.

Prezident İlham Əliyev hadisə münasibətilə massivin sakinlərini təbrik etdi.  
"Mingəçevirin qaz verilməmiş təkcə bu massivi qalmışdı, burada heç vaxt qaz olmamışdır. Ancaq bu gün biz buna nail olduq. İndi mənə məlumat verildi ki, 2 min abunəçi, 2 min ailə, 2 min ev təsərrüfatı qaz alacaqdır. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm", Prezident deyib.

Dövlət başçısının fikrincə, bu onu göstərir ki, ölkədə aparılan qazlaşdırma siyasəti öz konkret nəticələrini verir.
"Bizim qaz ehtiyatlarımız çoxdur, təbii ehtiyatlarımız da vardır. Biz indi qazı başqa ölkələrə də ixrac edirik. Belə olan halda, ilk növbədə, Azərbaycan vətəndaşları bu imkanlardan istifadə etməlidirlər. Qarşıya vəzifə qoyulub ki, Azərbaycanda əhalinin, müəssisələrin, yaşayış məntəqələrinin 90 faizi qazlaşdırılsın. Bu, çox böyük göstəricidir. Çünki Azərbaycanda elə ucqar kəndlər var ki, oraya bəlkə də qaz xətti çəkmək o qədər də sərfəli deyildir. Biz oranın enerji problemlərini başqa yolla həll edirik. Ancaq biz əsas yaşayış məntəqələrinə - böyük şəhərlərə, qəsəbələrə, kəndlərə qazın verilməsini təmin edirik.
Dövlət Neft Şirkəti son zamanlar həm Bakıda, həm də bütün rayonlarda böyük qazlaşdırma işləri aparır. Demək olar ki, hər ay hansısa yeni yaşayış məntəqəsinə qaz çəkilir. Köhnə kəmərlər, borular təzələri ilə əvəz olunur, təzyiq normallaşır. Bu işlər onu göstərir ki, Azərbaycanda sosial siyasət çox güclüdür", İlham Əliyev deyib.

"Mən qeyd etdim ki, biz təbii qazı başqa ölkələrə də ixrac edirik və ixrac qiyməti daxili qiymətdən ən azı iki dəfə çoxdur. Ancaq bu, bizim üçün sosial məsələdir. Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları qaz, işıq, su ilə davamlı şəkildə təmin olunsunlar. İşıq problemi Azərbaycanda çoxdan aradan qaldırılıb. Qazlaşdırmanın böyük hissəsi həll olunub. İçməli su, kanalizasiya problemləri isə qalır. Bu problemlər bu il və gələn illərdə bizim üçün əsas problemlərdir. Çalışacağıq ki, Azərbaycanın bütün şəhərləri, bütün rayonları içməli su ilə təmin olunsun, bütün kanalizasiya xətləri tikilsin. Çünki vaxtilə əksər rayonlarımızda kanalizasiya olmamışdır. Bu, böyük vəsait tələb edən məsələlərdir. Ancaq Azərbaycan dövləti bunu edir və edəcək ki, vətəndaşlarımız ildən-ilə daha da yaxşı yaşasınlar", Azərbaycan Prezidenti deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti elə etməlidir ki, insanlar daha da yaxşı yaşasınlar.
"İndi qaz veriləndən sonra siz görəcəksiniz ki, bu, insanlara nə qədər əlavə imkanlar yaradır, rahatlıq verir. Həm də ki, bu, çox ucuz enerji növüdür. Bilirsiniz ki, Azərbaycanda bütün bu qiymətlər dövlət tərəfindən tənzimlənir. Biz heç vaxt imkan vermərik ki, bu qiymətlər kiminsə tərəfindən süni şəkildə şişirdilsin. Yəni, dövlət buna nəzarət edir. Biz elə etməliyik, qiymət elə olmalıdır ki, insanların onu ödəməyə maddi imkanları çatsın. İşıq, qaz qonşu ölkələrlə müqayisədə bizdə çox ucuzdur. Belə olan halda, qazdan istifadə etmək iqtisadi cəhətdən də insanlara çox sərf edir.
Sizi bir daha bu hadisə münasibətilə təbrik edirəm. Burada Neft Şirkətinin mütəxəssislərini görürəm. Mən iki gün bundan əvvəl Neft Şirkətinin yeni inzibati binasının təməl daşının qoyulması ilə əlaqədar tədbirdə demişdim ki, "Azəriqaz"ı Neft Şirkətinin tabeliyinə verəndən sonra işlər daha da sürətlə getməyə başlamışdır. Bax, bu gün burada təqdim olunan layihələr, bizim bütün planlarımızı bir daha açıq-aydın göstərir", İlham Əliyev qeyd edib.

Prezidentin sözlərinə görə Azərbaycan daxili tələbatını ödəyib və ödəyəcək, xarici bazarlara çox inamla daxil olur.
"Biz qonşu ölkələrə qazı ixrac edirik. Baxmayaraq ki, bəzi ölkələrdə qaz hasilatı bizimkindən bir neçə dəfə çoxdur. Ancaq biz həm qazı, həm neft və neft məhsullarını, elektrik enerjisini ixrac edirik. Bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı düzgün əsaslar üzərində qurulub, güclü dövlət nəzarəti olan tam bazar iqtisadiyyatıdır. Bax, budur bizim yanaşmamız", Prezident deyib.

Səidə Əliyeva yaşayış massivinin sakinləri adından "Günəşli"yə qaz xəttinin çəkilişinə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti