...

Azərbaycan neftinin Belarusa tədarükünə dair danışıqlar davam etdiriləcək – "Belneftexim"

Energetika Materials 19 Noyabr 2010 20:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir E.İsmayılov/

"Svop" sxemi üzrə Azərbaycan neftinin Belarusun neft-kimya zavodlarında emalı üçün mümkün tədarükü ilə bağlı danışıqlar "Belarus neft-kimya" Konserni ("Belneftexim") və ARDNŞ səviyyəsində davam etdiriləcək. Bu barədə cümə günü Trend-ə telefonla konsernin mətbuat katibi Marina Kostyuçenko deyib.

Cümə günü Belarus Prezidenti Aleksandr Lukaşenko ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüşü zamanı Belarusa NEZ-də emal üçün nefti "svop" sxemi üzrə tədarük etməyi təklif edib.

"Təəssüf ki, mən hazırda KİV-də olan məlumata nəsə əlavə edə bilməyəcəyəm [... ], lakin sözsüz ki, yüksək səviyyədə razılaşmaların davam etdirilməsində konsern tərəfindən müəyyən tədbirlər görüləcək", - Kostyuçenko deyib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər iki ölkənin dövlət müəssisələri səviyyəsində davam etdiriləcək.

"Güman edirəm ki, biz sizinlə razılaşsaq - mən Azərbaycan neftinin Belarusa, NEZ-ə və ilk növbədə "svop" sxemi üzrə tədarükünü nəzərdə tuturam, siz bir tonda onlarla dollar udacaqsınız, biz də udacağıq", - Prezident Lukaşenko Abdullayelə görüşündə deyib.

Onun sözlərinə görə, söhbət Azərbaycan neftinin Belarus zavodlarına Odessa-Brodı boru kəməri ilə vurularaq "Dostluq" boru kəmərinə, sonra isə Belarus NEZ-lərinə çıxışından, Belarusun Venesuelada hasil etdiyi və aldığı Venesuela neftinin əvəzlənməsindən gedir. Bu həcmlərin Amerika ölkələrində satışı və bunun əvəzində Belarusa Azərbaycandan neftin tədarükü zamanı tərəflər nəqliyyat xərclərinə qənaət edə bilərlər.

Bundan əvvəl "Sarmatiya" beynəlxalq boru kəməri müəssisəsinin (Odessa-Brodı layihəsini həyata keçirir) nümayəndəsinin dediyi kimi, Belarusa neft tədarükü marşrutunun açılması Xəzər regionundan Polşaya da neft tədarükü imkanlarını yaradır, əlbəttə, daha uzun marşrutla, lakin artıq indi Brodıdan Adam zastavasınadək neft boru kəmərinin tikintisini gözləmədən.

Odessa-Brodı neft nəqli layihəsi Ukrayna NEZ-lərinə neft ixracının diversifikasiyası və ölkənin tranzit imkanlarının inkişafı məqsədilə planlaşdırılıb. Odessa-Brodı neft kəmərinin tikintisi 2002-ci ilin mayında başa çatıb. Magistralın uzunluğu 674 km, boruların diametri 1 020 millimetrdir. Neft kəməri və terminalının gücü ildə 9-14 milyon ton təşkil edir.

"Sarmatiya" iştirakçıları ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti), Gürcüstanın "Georgian Oil and Gas Corporation Ltd." (GOGC), Ukraynanın "Ukrtransnafta", Polşanın "Przedsiebiorstwo Eksploatacji Rurociagow Naftowych Przyjazn S.A." və Litvanın "AB Klaipedos Nafta" şirkətləridir. Əsas iştirakçıların iştirak payı 24,75 faizdir, 1 faiz isə Litva şirkətinə məxsusdur.

Lukaşenko ARDNŞ rəhbəri ilə görüş zamanı onu da qeyd edib ki, Belarus Azərbaycandan maye təbii qaz almaq üçün öz ərazisində onun təkrar mayeləşdirilməsi üzrə zavod tikməyə hazırdır. İndi Azərbaycan Qara dəniz vasitəsilə maye qazın nəqli üzrə bir sıra layihələri nəzərdən keçirir.

"Bu, tədarükün daha uzun yoluna baxmayaraq, "Qazprom"dan almaqdan xeyli sərfəlidir", - Belarus Prezidenti əlavə edib.

Enerjidaşıyıcıların tədarükünün diversifikasiyası məqsədilə maye təbii qazın qəbulu üzrə terminal tikintisinin layihəsini Ukrayna da nəzərdən keçirir. "Naftoqaz" illik gücü 10 milyard kubmetr qaz olan terminalın tikintisini 2,5 milyard dollar qiymətləndirib. Maye təbii qazın mümkün tədarükçüləri sırasında Ukrayna tərəfi Liviya, Əlcəzair, Azərbaycan, Qətər və İndoneziyanın adını çəkib.

Belarusun neft və kimya üzrə Dövlət Konserni ölkənin ən böyük sənaye komplekslərindən biridir. Konsern 1997-ci ilin aprelində yaradılıb və neft hasilatı, emalı və nəqli üzrə müəssisələri, bir sıra elmi, layihə-konstruktor, tikinti, təmir təşkilatlarını birləşdirir.

Xəbər lenti

Xəbər lenti