Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir E.İsmayılov/
2011-ci il yanvarın ortalarında ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) öz brendi altında Ukraynada bir neçə yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır. Bu barədə cümə günü ARDNŞ-dəki mənbə bildirib.
Onun sözlərinə görə, Ukraynanın Odessa və Nikolayev vilayətlərində beş-altı YDM-in rəsmi açılış mərasimi gələn il yanvarın 15-də keçiriləcək.
Hazırda Ukraynada ARDNŞ-nin brendi altında artıq bir neçə YDM fəaliyyət göstərir.
Bundan əvvəl ARDNŞ-nin Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədovun dediyi kimi, şirkət 2011-ci ilin sonuna qədər Ukraynada şəxsi brendi altında otuz yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır. YDM şəbəkələrinin yaradılması artıq mövcud olanların alınması və yaxud yeni stansiyaların inşası yolu ilə həyata keçirilir.
Bundan əvvəl ARDNŞ Ukraynada 20-yə yaxın yanacaqdoldurma məntəqəsi alıb. Bu layihə şirkətin xüsusilə Ukrayna bazarında neft məhsullarının genişmiqyaslı pərakəndə satışı üzrə fəaliyyət proqramının bir hissəsidir.
ARDNŞ-nin artıq Gürcüstanda 50-dən çox YDM şəbəkəsi var və Azərbaycanda məntəqələrin yaradılmasına başlanılıb. Həmçinin şirkət Rumıniyanın neft məhsullarının pərakəndə satışı bazarına çıxmaq niyyətindədir ki, bu da Aİ bazarına çıxış deməkdir.