Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir E.İsmayılov/
2010-cu ildə Türkiyə ərazisi vasitəsilə "Bakı-Tbilisi-Ceyhan" (BTC) boru kəməri ilə 288,2 milyon barel neft nəql edilib. 2009-cu ildə bu göstərici 285,5 milyon barel neft təşkil edib. Bu barədə Türkiyənin BOTAŞ boru kəməri şirkətinin rəsmi İnternet səhifəsində yayılan məlumatda deyilir.
2008-ci ildə Türkiyə ərazisi vasitəsilə BTC boru kəmərilə 264,1 milyon barel neft nəql olunub, 2007-ci ildə isə bu göstərici 210 milyon bareli ötüb.
BTC boru kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşasına 2003-cü ilin aprelində, neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanılıb.
BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz); Statoil (8,71 faiz); ТРАО (6,53 faiz); Eni (5 faiz ); Total (5 faiz); Itochu (3,40 faiz ); Inpex (2,50 faiz); ConocoPhillips (2,50 faiz) və Amerada Hess (2,36 faiz).
2010-cu ildə Türkiyə ərazisi vasitəsilə "İraq-Türkiyə" boru kəməri ilə 132,3 milyon barelə yaxın neft nəql olunub. 2009-cu ildə bu göstərici 167,6 milyon barel neft təşkil edib.
Türkiyə ərazisi vasitəsilə "İraq-Qırıqqala" boru kəməri ilə 17,2 milyon barelə yaxın neft nəql edilib. 2009-cu ildə bu göstərici 20,2 milyon barel neft olub.
2010-cu ildə Türkiyə ərazisi vasitəsilə "Batman-Dördyol" boru kəməri ilə 10,6 milyon barel neft nəql olunub. 2009-cu ildə bu göstərici 12,2 milyon barel neft təşkil edib.