...

Yaxın beş ildə Azərbaycanda alternativ enerji mənbələri böyük inkişaf əldə edəcək - agentlik

Energetika Materials 3 Mart 2011 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir A.Bədəlova/

Azərbaycan alternativ enerji mənbələri sahəsində inkişaf üçün potensiala malikdir, çünki ölkə günəş, külək, geotermal resurslar kimi bərpa olunan enerji ehtiyatları ilə təmin olunub. Bu barədə çərşənbə günü Bakıda keçirilən azərbaycanlı sərmayədarların sammitində - "The Azerbaijan Investors' Summit 2011"-də Azərbaycanın Sənaye və Energetika Nazirliyi yanında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi rəhbərinin müavini Cəmil Məlikov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bu sahənin inkişafı üçün müvafiq işlər görülür.

"Alternativ və bərpa olunan enerji mənbələri sahəsində inkişafı təmin etmək məqsədilə agentlik bu sektora xarici sərmayədarların cəlb olunması üçün bir neçə pilot layihəni həyata keçirməyə başlayıb", - Məlikov bildirib.

O, agentlik vasitəsilə elektron kadastrın yaradılacağına ümidini ifadə edib.

"Külək enerjisinin istehsalının dəyəri digər mənbələrə nisbətən ucuz başa gəlir. Ona görə də yaxın beş ildə Azərbaycanda bu sahə böyük inkişaf əldə edəcək", - agentlik rəhbərinin müavini bildirib.

Məlikovun sözlərinə görə, alternativ və bərpa olunan enerji mənbələri sahəsində müvafiq qanunların olması vacibdir.

"Bu sahədə dövlət proqramları, eləcə də qanunvericilik Azərbaycanda onun inkişafına təkan verəcək", - Məlikov bildirib.

İlkin araşdırmalara görə, beş il ərzində Azərbaycanda 100-dək alternativ elektrik enerjisi mənbələri tikmək planlaşdırılıb.

Bu gün Azərbaycanda alternativ elektrik enerjisi mənbələrinin payı bir faizdən də azdır. Bu da kiçik hidrostansiyaların payına düşür. Bu gün Avropa ölkələrində və inkişaf etmiş dövlətlərdə alternativ enerjinin illik payının istehsal olunan elektrik enerjisinin ümumi həcminin 10-15 faizinədək artırmaq planlaşdırılır.

Hazırda həmin sahə artıq dövlət səviyyəsində geniş dəstək tapıb, çünki Azərbaycan enerjinin bu növünün inkişafı üçün çox böyük potensiala malikdir.

Ekspertlərin fikrincə, Xəzər dənizinin sahilləri külək stansiyalarının tikintisi üçün əlverişlidir. Onların fəaliyyəti üçün ilin 365 günündən 225-229 günü sürəti orta hesabla saniyədə 8-dən 10 metrədək olan küləklə əlverişlidir. Bu külək stansiyaları üçün ideal sürətdir. Bu amillər nəzərə alınaraq, bu gün hökumətin dəstəyi ilə böyük işlər görülür və pilot layihələr həyata keçirilir.

Hələ 1998-99-cu illərdə Yaponiyanın "Tomen" şirkəti Azərbaycanda tədqiqatlar aparıb və üç aylıq işlərin yekunu üzrə hesabat hazırlanıb. Qobustanda 60 meqavatt gücündə külək elektrik stansiyasının tikintisi 100 milyon dollar məbləğində qiymətləndirilib. Bu yer külək elektrik stansiyalarının tikintisi üçün ideal məkandır. Çünki Qobustanda yerdən 10 kilometr yüksəklikdə saniyədə 8 metr sürətlə külək əsir. Lakin maya dəyərinin yüksək olması üzündən layihə həmin illərdə hökumətin dəstəyini qazana bilmədi və təxirə salındı.

Artıq dörd ildir ölkədə elektrik enerjisinin pərakəndə satışı üçün 0,06 manat (0,075 dollar), topdansatış üçün isə 0,04 manatdan yuxarı olmayan qiymət qüvvədədir.

Hazırda Azərbaycanda elektrik enerjisi istehsalının ümumi gücü 6000 meqavattı ötür, tikilməkdə olan elektrik stansiyalarının ümumi gücü isə 1500 meqavatt təşkil edir.

Xəbər lenti

Xəbər lenti