...

Texniki məsləhətçi Azərbaycanın neft-qaz yatağının işlənməsi üzrə planı açıqlayıb

Energetika Materials 2 İyul 2011 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir A.Bədəlova/

Azərbaycanın "Qum Dəniz" yatağının reabilitasiyası üzrə "Mərhələ-1" planı çərçivəsində neft hasilatı 207 milyon barel, qaz isə 16,6 milyard kubmetr həcmində qiymətləndirilir. Belə qiymətləndirmə "Greenfields Petroleum Corporation"-in rəsmi saytında yerləşdirilən hesabatda göstərilir.

"Greenfields Petroleum Corporation" "Bahar" və "Qum Dəniz" yataqlarının daxil olduğu blokun kəşfiyyatına, reabilitasiyasına, işlənməsinə və hasilatına dair PSA tipli müqavilə çərçivəsində "Bahar Energy" şirkətində 33,33 faizə sahibdir və onun texniki məsləhətçisi kimi çıxış edir. "Bahar Energy Limited" BƏƏ-də Jebel Ali azad iqtisadi zonası ərazisində qeydiyyata alınıb.

"Qum Dəniz" yatağının işlənməsinin "Mərhələ-1" proqramı dörd hissədən ibarətdir.

Proqramın birinci hissəsinə fəaliyyətdə olan 24 quyudan neft hasilatının optimallaşdırılması, eləcə də köhnəlmiş boruların dəyişdirilməsi və quyularda elektrik nasoslarının yerləşdirilməsi daxildir.

Proqramın ikinci hissəsi 25 quyunun təkrar qazılmasını nəzərdə tutur.

Proqramın üçüncü hissəsi dörd mövcud quyuda yeni gövdələrin qazılmasından ibarətdir. "Bahar Energy" habelə "Qum Dəniz" yatağında beş yeni dəniz platformasının tikilməsi və quraşdırılmasını planlaşdırır.

Proqramın dördüncü hissəsinə 36 yeni istgismar quyusununu qazılması daxildir.

2009-cu ilin dekabrında ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Bahar" və "Qum Dəniz" yataqlarının daxil olduğu "Bahar Energy Limited" şirkəti ilə blok üzrə kəşfiyyat, bərpa, işlənmə və hasilat üzrə PSA tipli layihə imzalayıb. Müqavilə 2010-cu ilin aprelində Milli Məclisdə ratifikasiya olunub.

lkin hesablamalara görə, müqavilə çərçivəsində "Bahar Energy Limited" şirkəti işlərin həyata keçirilməsi üçün bir milyard dollar həcmində sərmayə yatıracaq.

1955-ci ildən istismarda olan "Qum Dəniz" yatağı Bakıdan cənub-şərqə doğru 21 kilometrlik məsafədə yerləşir. İndiyədək yataqdan 28,9 milyon tona yaxın neft və 27 milyard kubmetr qaz hasil edilib.

ARDNŞ-nin iştirak payı 20 faiz təşkil edir, 80 faiz Bahar Energy Limited-ə məxsusdur.

Xəbər lenti

Xəbər lenti